Neft qiymətləri həftəsonu öncəsi sabitləşsə də, bazarda gərginlik qalmaqdadır. Banker.az xəbər verir ki, diqqət mərkəzində iki amil var: Hindistanın Rusiyadan neft alışı ilə bağlı Ağ Evin sərt ritorikası və Ukraynada münaqişənin tezliklə həll olunacağına dair ümidlərin zəifləməsi. Bütün bunlar isə tələb və təklif balansı ilə bağlı ziddiyyətli siqnallar fonunda baş verir.
Ağ Evin ticarət üzrə müşaviri Piter Navarro növbəti dəfə Hindistanı sərt tənqid edərək bildirib ki, gələn həftə Hindistan mallarına tətbiq edilən rüsumların 50%-dək artırılacağı gözlənilir.
“Bunun baş verəcəyini gözləyirəm. Hindistan öz rolunu qan tökülməsində etiraf etmək istəmir. O sadəcə bunu etmir. O, Si Cinpinlə oynayır, etdiyi budur”, — deyə Navarro jurnalistlərə açıqlama verib.
Brent neftinin spot (UKOIL) qiymtəti son iki ildə- Foto: İnvestaz İ.Ş. MT4 (günlük qrafik)
Xatırladaq ki, Tramp administrasiyası Hindistanı Rusiyadan neft alışı ilə Kremlin müharibəni maliyyələşdirməsinə yardım etməkdə ittiham edir. Navarronun sözlərinə görə, Hindistana bu neft daxili ehtiyaclar üçün lazım deyil: “Bu, emaldan gəlirin bölüşdürülməsi sxemidir. Kreml üçün yuyucu maşındır. Reallıq budur”, — deyə o əlavə edib.
Dehlidə isə ABŞ-ın təhdidlərinə təəccüb ifadə olunub. Hindistanın xarici işlər naziri Subramanyam Caişankar xatırladıb ki, son illərdə məhz amerikalılar Hindistandan qlobal enerji bazarlarının sabitləşməsi üçün mümkün olanı etməsini, o cümlədən Rusiyadan neft almasını tələb edirdilər.
Bütün təzyiqlərə baxmayaraq, Rusiyanın neft ixracının 37%-ni təşkil edən Hindistanın geri çəkilmək niyyəti görünmür.
Ukrayna faktoru və bazarın reaksiyası
Son iki həftədə neft qiymətlərini aşağı çəkən Ukraynada atəşkəsə dair ümidlər yavaş-yavaş sönür. Yüksək səviyyəli danışıqlar hələlik irəliləyiş gətirməyib. Reuters xəbər verir ki, tərəflərin irəli sürdüyü tələblər bir-birinə uyğun gəlmir, döyüş əməliyyatları isə davam edir. Bu isə bazarda gərgin reaksiyalara səbəb olur. Cümə günü neft qiymətləri (Brent — təqribən 67,6 dollar, WTI — 63,5 dollar) demək olar dəyişməsə də, həftə müsbət yekunlaşacaq: Brent fyuçersləri həftəlik 2,7%, WTI isə 1,1% artıb. Treyderlər qiymətlərə artan geosiyasi riskləri daxil edirlər.
Fundamental göstəricilər və bazar balansı
Bazar əhvalını fundamental faktorlar da dəstəkləyir. ABŞ Enerji İnformasiyası İdarəsinin məlumatına görə, ötən həftə xam neft ehtiyatları 1,8 milyon barel proqnozuna qarşı 6 milyon barel azalıb. Bu isə ABŞ-da güclü daxili tələbi göstərir. Lakin uzunmüddətli perspektivdə mənzərə daha çox “ayı bazarı” (ucuzlaşmaya meylli) xarakteri daşıyır.
“Bazar üçün fundamental proqnoz aydın şəkildə ayıdır, növbəti rübdən etibarən ehtiyatların əhəmiyyətli artımı gözlənilir”- deyə, “ING Groep NV”nin Sinqapur bölməsinin əmtəə strategiyası rəhbəri Uorren Patterson qeyd edib.
Eyni zamanda investorlar Cekson-Hol iqtisadi simpoziumunu izləyirlər. Onlar FED sədri Cerom Pauellin gələn ay faiz dərəcələrinin azaldılması ilə bağlı siqnallar verməsini gözləyirlər.
Beləliklə, neft bazarı mürəkkəb ziddiyyətlərin mərkəzindədir: geosiyasi gərginlik və güclü cari tələb qiymətləri yuxarı çəksə də, qlobal iqtisadiyyatın yavaşıma təhlükəsi və OPEC+ ölkələrindən artan təklif uzunmüddətli perspektivdə kotirovkalara təzyiq göstərir.