Neft uğrunda qlobal yarış: bazarlarda panika dalğası yayılır

Şimal dənizinin spot bazarında bu həftə treyderlər 40 alış sifarişi verib, lakin cəmi dörd qarşı təklif əldə ediblər. Yaxın həftələrdə tədarük olunacaq partiyalar bir barel üçün 140 dollardan yuxarı qiymətlərlə satılıb. Digər regionlarda neft emalı zavodları artıq ənənəvi bazarlardan kənarda təchizatçılar axtarır: qeyri-standart sövdələşmələr artır, dərhal yüklənməyə hazır hər barel üçün mükafatlar isə rekord səviyyələrə çatır.

Treydərlərin sözlərinə görə, spot bazarlarda baş verənlər yaxın həftələrdə hiss olunacaq kəskin qıtlığın miqyasını göstərir. Yaxın Şərqdən tədarüklərin azalması qlobal balansda getdikcə böyüyən boşluq yaradır. Qiymətlərin sıçrayışı isə Avropadakı bəzi neft emalı zavodlarının Asiyadakı həmkarları kimi emal həcmini azaltmağa məcbur qala biləcəyini göstərir. Bu, xammal bazarını müəyyən qədər tarazlaya bilər, lakin dizel və aviasiya kerosini başda olmaqla neft məhsulları çatışmazlığını daha da artıracaq.

“Sadəcə xam neft çatışmır, — deyə Neil Krosbi bildirib. — Brent-in fiziki bazarı xaos vəziyyətindədir və qiymətlər həddindən artıq yüksəlib. Bu templə Avropa NEZ-ləri də yüklənməni azaltmalı olacaq, bəlkə də artıq gələn aydan”.

Bu mənzərə fyuçers bazarı ilə kəskin ziddiyyət təşkil edir: iyun ayı üzrə neft fyuçersləri bu həftə 13% ucuzlaşaraq təxminən 95 dollar/barel səviyyəsində bağlanıb .

Həftəsonu Hörmüz boğazından iki Çin və bir yunan supertankeri keçib — bu, uzun fasilədən sonra ilk aktivlik siqnallarıdır. Lakin trafik hələ də müharibədən əvvəlki səviyyədən xeyli aşağıdır. Hətta danışıqlar uğurla başa çatsa belə, rahatlama dərhal baş verməyəcək: Fars körfəzindən Asiya və Avropadakı NEZ-lərə neftin çatdırılması həftələr çəkir.

“Münaqişədən əvvəlki partiyalar alıcılara hələ indi çatır. Məhz burada “kağız” bazarlarla fiziki reallıq toqquşur və qlobal enerji axınlarında 40 günlük fasilə aydın görünür”, — deyə Sultan Al Jaber “LinkedIn”də yazıb.

Bu fərq qiymət əlavələrində də özünü göstərir. Asiyadakı bəzi NEZ-lərin treyderləri anonimlik şərti ilə bildiriblər ki, artıq qiymətə baxmırlar, sadəcə haradan olur-olsun neft tapmağa çalışırlar.

Əsas spot etalon olan Brent ötən həftə 144 dollar/barel ilə rekord səviyyəyə çataraq 2008-ci ilin maksimumunu keçib. Cümə gününə qədər isə 126 dollara geriləyib ki, bu da yenə də iyun fyuçerslərindən 30 dollardan çox yüksəkdir.

Asiya dünyada neft axtarır

Hörmüz boğazından ən çox asılı olan Asiya ölkələri artıq ənənəvi marşrutlardan xeyli kənara çıxıblar. Yaponiyanın NEZ-ləri ABŞ neftini kütləvi şəkildə alır. Çin zavodları Kanadanın Vankuver limanından tədarükləri bu ay tarixi maksimuma çatdırıb. Hindistan isə Venesueladan alışları artırır.

Hamı nefti mümkün qədər tez əldə etmək istəyir və sürətə görə əlavə ödəniş etməyə hazırdır. Yapon zavodları daha kiçik gəmiləri icarəyə götürür ki, onlar Panama kanalından keçərək daha tez Yaponiyaya çata bilsin. Şənbə günü ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə ABŞ-yə neft üçün yollanan tanker sayının “kütləvi” olduğunu yazıb.

Spot qiymətlərlə fyuçerslər arasındakı böyük fərq bazarda ciddi gərginlik yaradır. Kiçik NEZ-lər yüksək qiymətlər fonunda maliyyə yükünün artması və hedcinq problemləri ilə üzləşir: aldıqları fiziki neft ən likvid törəmə alətlərdən xeyli bahadır.

“Bu, qiymət risklərinin idarə olunması baxımından böyük problemdir — kağız üzərində marja çox yüksək görünür, amma real pul axınları tam fərqli ola bilər”, — deyə keçmiş “Saudi Aramco” iqtisadçısı Roberto Ulivieri bildirib.

Artıq bəzi zavodlar bazardan geri çəkilməyə başlayıb. Bu isə istehsalın azalması və yeni neft məhsulları qıtlığı deməkdir. Aviakerosin və dizel qiymətləri artıq 200 dollar/bareli keçib — bu, rekord və ya rekord səviyyəyə yaxın göstəricidir. ABŞ-də isə benzin ehtiyatları son 16 ilin minimumuna düşüb.

Qlobal alıcılar ABŞ bazarına yönəldikcə, analitiklər xəbərdarlıq edir ki, növbəti qıtlıq məhz ABŞ-nin özündə hiss oluna bilər.

“Fiziki bazarlar sosial şəbəkələrə baxmır. Çatışmazlıqlar Asiyadan Atlantik hövzəsinə doğru sistemli şəkildə yayılır, — deyə Amrita Sen bildirib. — Əgər fyuçerslər fiziki reallığa uyğunlaşmasa, ABŞ-dən ixrac yüksək səviyyədə qalacaq, hətta o həddə ki, yerli NEZ-lər üçün kifayət qədər neft qalmaya bilər”.

Son xəbərlər
Digər xəbərlər