Dünya bazarında neft qiymətləri yenidən düşməyə başlayarsa, Yaxın Şərqin neftlə zəngin ölkələrində maliyyə böhranı başlayacaq və bu, bütün region ölkələrinə yayılacaq. Fars körfəzi ölkələrinin valyutalarının ABŞ dollarına bağlı ilması amili neft qiymətlərinin düşməsi zamanı önəmli iqtisadi çətinlik yaradır.
“Mütəmadi olaraq bu ölkələr valyuta məzənnəsinin formalaşması sisteminin dəyişdirilməsini müzakirə edir. Hazırda neft qiymətlərinin yüksəlməsi devalvasiya riskini azaltsa da, təhlükə hər zaman var”, – deyən analitiklərin fikrincə, bu ölkələrdən hər hansı birində devalvasiya olarsa, bütün region ölkələrində zəncirvari reaksiya qaçılmazdır.
Qeyd edək ki, hazırkı neft qiymətləri də bəzi ölkələrin büdcəsinin balanslaşdırılmasına kömək etmir. Belə ki, IMF-in hesablamalarına görə, S.Ərəbistanı üçün balanslaşdırılmış büdcə 73,1 dollar/barel, Bəhreyn üçün 99 dollar/barel qiyməti zamanı mümkündür.
“Bloomberg” agentliyinin məlumatına görə, Bəhreyn hökuməti S.Ərəbistanı, BƏƏ və Küveytə maliyyə yardımı üçün müraciət edib. Belə ki, Bəhreyndə son 3 ildə ilk dəfə olaraq dollar bahalaşaraq 0,3770-dən 0,3780 dinara yüksəlib. Ölkənin valyuta ehtiyatları isə son 3 ildə 4 dəfə azalaraq 1,4 mlrd. dollara geriləyib.
Xatırladaq ki, Bəhreynin gündəlik neft hasilatı 40 min barel olsa da, adambaşına düşən neftin həcminə görə ilk yerlərdən birini tutur.