7 C
Baku
Tuesday, January 14, 2025

Neftdən kimlər qazanır: texniki, yoxsa fundamental analiz?

BANKER.AZ — 2024-cü ildə neft ticarətində alqoritmik ticarətin demək olar ki, tam hökmranlığı müşahidə olundu. Yeni bir tendensiya olmasa da, alqoritmik ticarət keçən il öz zirvəsinə çatdı, texniki analiz demək olar ki, faktiki fundamental göstəriciləri arxa plana atdı. Lakin bu, treyderlərə qazanc gətirmək əvəzinə, itkilər yaşatdı.

Alqoritmik ticarət (ing. algorithmic trading və ya algo trading) maliyyə bazarlarında avtomatlaşdırılmış ticarət sistemlərindən istifadə etmə üsuludur. Bu üsul əvvəlcədən müəyyən edilmiş qaydalara və alqoritmlərə əsaslanaraq qiymətli kağızların, valyutaların, əmtəələrin və digər maliyyə alətlərinin alqı-satqısını həyata keçirir.

Bloomberg-in bu ayın əvvəlində bildirdiyinə görə, 2024-cü il alqoritmik treyderlər üçün zərərli bir il olub və bu, ardıcıl olaraq ikinci zərərlə başa çatan il idi. İl ərzində, alqoritmlərin təsiri ilə neft treyderləri Çində tələbatın azalacağı və OPEC-in ehtiyat istehsal gücü, eləcə də ABŞ-ın qeyri-OPEC istehsalının artması hesabına təklifin artacağı ilə bağlı mərc edirdilər.

Lakin il ərzində alqoritmlər və ya onların istifadəçiləri, OPEC-in həmin ehtiyat istehsal gücündən istifadə etmək istəməməsi və OECD xam neft ehtiyatlarının əhəmiyyətli dərəcədə azalması kimi faktları nəzərə almadılar. Buna baxmayaraq, alqoritmik treyderlərin neft qiymətlərinə böyük təsiri oldu, lakin onlar yenə də pul itirdilər.

“Fərdi treyderlər 2024-cü ildə alqoritmlərdən daha uğurlu olublar” – deyə, – “CIBC Private Wealth Group”un baş enerji treyderi Rebeka Babin Bloomberg-ə bildirib. Bu, əvvəlki bir neçə ildən fərqli idi. Görünür 2024-cü ildə neft bazarında alqoritmik ticarət doygunluq səviyyəsinə çatıbki, bu da əvvəlki illərdə alqoritmlərin qazanc gətirdiyi qiymət dəyişkənliyini azaldıb. Agentliyin məlumatına görə, 2024-cü ildə neft qiymətləri 2019-cu ildən bəri ən dar diapazonda dəyişib.

CIBC-ə görə, bu inkişafların nəticəsində alqoritmik treyderlər portfellərində neftin payını yarıya qədər azaldıblar: keçən ilin iyulunda 4% olan bu göstərici hazırda cəmi 2%-dir. Bu isə fundamental göstəricilərin yenidən ön plana keçdiyini göstərir. Neft qiymətləri ilin əvvəlindən artmağa başlayıb, çünki təklif məsələsi yenidən diqqət mərkəzinə gəlib. Donald Trampın ABŞ prezidenti kimi inauqurasiya mərasimi ərəfəsində İran əleyhinə sanksiyaların sərtləşdiriləcəyi gözlənilir ki, bu da Yaxın Şərqdəki xam neft təklifini məhdudlaşdıracaq.

Bununla yanaşı, Bayden administrasiyasının Rusiya neftinə tətbiq etdiyi əlavə sanksiyalar da bu ayın əvvəlində neft qiymətlərini artırıb. JP Morgan analitiklərinin qeyd etdiyi kimi: “Yeni tədbirlər Tramp administrasiyasına Rusiya ilə gələcək danışıqlarda əlavə üstünlük verə bilər, xüsusən də Bayden tərəfindən tətbiq edilən sanksiyaların qaldırılması məsələsi müzakirə edilərsə.”

ENERJİ KEÇİDİ…

Enerji keçidi və neft tələbi ilə bağlı proqnozlar da məsələyə əlavə təsir göstərir. Alqoritmik ticarət son illərdə Beynəlxalq Enerji Agentliyi (IEA) kimi təşkilatların irəli sürdüyü fərziyyələri daxil edib. IEA son illərdə neytral enerji təminatçısından keçid tərəfdarına çevrilib ki, bu da onun proqnoz məlumatlarının, məsələn, elektrikli avtomobillərin satışları ilə bağlı etibarlılığını şübhə altına alıb. Bu məlumatlar, yanlış şəkildə neft tələbinin azalacağı proqnozlarını motivasiya edib, halbuki tələbat, o cümlədən dünyanın ən böyük elektrikli avtomobil bazarı olan Çində artmağa davam edib.

2025-ci il fundamental göstəricilərə əsaslanan ticarətin yenidən ön plana çıxacağı il ola bilər. Bunun qiymətlərə necə təsir edəcəyini isə zaman göstərəcək.

Son xəbərlər
Digər xəbərlər