Dünya bazarında neftin qiyməti kiçik korreksiyadan sonra yenidən artmağa başlayıb. Aprel ayında “Brent” markalı neftin qiyməti 11 dollar/barel və ya 30% artaraq 48 dollar/barelə yüksəlib. Qiymətlərin kəskin artımından sonra baş verən korreksiya nəticəsində qiymətlər 9% geriləyib və ABŞ və Kanadadan gələn xəbərlər fonunda yenidən yüksəlir.
Belə ki, “Commerzbank”dan Karsten Fritşin məlumatına görə, qiymətlər neft əyaləti sayılan Albertdə (Kanada) baş verən meşə yanğınları nəticəsində artmağa başlayıb. Bölgədə yerləşən “Suncor Energy” şirkəti işçilərinin ailələrini təxliyyə etmək üçün istehsalı azaltmağa məcbur olub.
ABŞ-dan gələn xəbərlərdə isə ölkənin neft idxalının son 20 ilin maksimal səviyyəsinə yüksəldiyi bildirilib. Neft idxalı 2015-ci ilin may ayı ilə müqayisədə 20% artaraq gündəlik 8 mln. barelə çatıb.
Həmçinin, dünən Amerika Neft İnstitutu (APİ) tərəfindən açıqlanan hesabatda ABŞ-ın son bir həftədə neft ehtiyatlarının gözləntilərdən daha az, 1,3 mln. barel artdığı, benzin ehtiyatlarının 1,2 mln barel azaldığı qeyd olunub. İnvestorlar bu göstəriciləri neftə olan tələbatın artması kimi qiymətləndiriblər. Nəticədə, neft qiymətləri bu gün 2,76% artaraq 45,85 dollar/barelə yüksəlib.
Analitik qrupu hesab edir ki, neft qiymətləri istənilən halda artmağa davam edəcək və 50 dollar/barel səviyyəsini ötəcək.
Report