12 C
Baku
Saturday, November 23, 2024

Neftin barrelinin $300 olması nə qədər realdır?

Rusiya hökumətinin enerji siyasəti sahəsində aparıcı fiquru hesan olunan Novak proqnozlaşdırır ki, əgər Avropa neft embarqosu tətbiq edərsə, neftin qiyməti 300 dollara yüksələcək.
Sanksiyanın psixoloji effekti və onun yaratdığı bazar reaksiyası nəticəsində qısamüddətli dövrdə neftin qiyməti Novakın dediyi səviyyəni görə bilər.

Amma bu qiymətin bazarda oturuşması 2 səbəbdən real deyil:

1) Dünya iqtisadiyyatı belə yüsksək səviyyəyə tab gətirə bilməz. Pandemiyanın neqativ təsirlərinin yaratdığı yüksək inflyasiyanın, Rusiya-Ukrayna müharibəsi nəticəsində təchizat zəncirindəki pozulmaların ortaya çıxardığı əlavə inflyasiya risklərinin ardınca 300 dollarlıq neftin yükünü qlobal iqtisadiyyat çəkə bilməz. Qiymətlərin həmin səviyyəyə yüksəlib bir müddət qalması kifayət edəcək ki, dünya iqtisadiyyatı dərin ressesiyaya girsin. 70-ci illərin ərəb və Körfəz böhranın ardınca enerji daşıyıcılarının yaratdığı qlobal inflyasiya və onun özüylə bərbər gətirdiyi dərin (həmçinin) uzunmüddətli iqtisadi böhranın tarixinə və səbəblərinə baxmaq kifayətdir.
Həmin dövrdə təxminən 5 il ərzində enerji daşıyıcıları ilə bağlı xərclərin qlobal ÜDM-yə nisbəti 2 dəfə artaraq 13%-i ötmüşdü.
Hazırda isə neftin qiymətinin 120-130 dollar arasında hərəkət etdiyi vaxtda artıq enerji xərcləri 15%-ə yaxınnlaşır – bu müqayisədən çıxış edədərk 300 dollarlıq neft qiymətlərinin iqtisadiyyat üçün yaradacağı nəhəng xərcləri göz önünə gətirin.

2) Hətta Avropa imtina edəcəyi halda belə, Rusiya nefti tamamilə qlobal bazardan çıxmayacaq ki, bazarda embarqoya məruz qalan neft həcmi qədər defisit yaransın. Burda Venesuela və İranın bazara qayıtması ilə bağlı mümkün ssenarini nəzərdə tutmuram. Doğrudur, hər 2 ölkənin sanksiyalar nəticəsində bazardam çıxarlan neft həcmi (gündəlik 4 mln. barrel) Rusiyanın əvəzləyə bilər. Lakin hətta hər 2 ölkə Qərblə dil tapsa belə, onların bazara qayıtması 6-8 aydan tez baş verməyəcək.

Rusiya nefti bazardan çıxmayacaq deyəndə onun bazar coğrafiyasını dəyişəcəyini nəzərdə tuturam. Çin və Hindistanın neft və neft məhsulları üzrə illik istehlakı 730 mln. tona yaxındır. Rusiyanın ümumi ixracatı bu göstəricinin cəmi 30%-ni təşkil edir. Halbuki bu ilə qədər Rusiyanın 2 ölkənin istehlakında payı cəmi cəmi 11% (81 mln. ton) olub.

“Sanksiya koalisiyası” Rusiyanın neft və neft məhsullarının təxminən 60%-ni (170 mln. ton) alırdı. Doğrudur, Rusiya Qərbə satdığı neft və neft məhsularının yarısından çoxunu kəmərlər vasitəsilə ötürürdü və oturuşmuş infrastrukturu vardı. Halbuki Çinə satdığı neftin isə cəmi 20%-ni kəmərlə ötürə bilir. Amma şübhəsiz ki, Avropaya kəmərlə satılan nefti tankerlə dünya okeanı vasitəsilə yeni bazarlara çıxarmaq üçün zəruri şərtləri təmin etməyə zaman və xərc lazımdır. Üstəgəl, Rusiya qiymət baxımından daha sərfərli Avropa bazarını itirəcək. Yeni bazarlarda (Çin və Hindistan) OPEC-dəki tərəfdaşları ilə rəqabət isə Rusiyanı onlarla üz-üzə gətirə, uzun müddətdir hasilata kvota tətbiqilə bağlı karter sövdələşməsini riskə ata bilər.

Yeri gəlmişkən, Hindistanın neft tələbatının 50%-dən çoxunu 4 ölkə – Səudiyyə Ərəbistanı, İraq, BƏƏ və Venesuela ödəyir. Çinin tələbatının 50%-ni ödəyən ilk 5-likdə olan ölkələr isə Səudiyyə Ərəbistanı, Anqola, Braziliya, İraq, Küveyt və Omandır.
Yaxın perspektivdə bazarların yenidən bölüşdürülməsi, neft embarqosu olacağı tədqirdə daha ucuz qiymətlərlə yeni bazarlara çıxmaq cəhdləri, qlobal iqtisadiyyatda iqtisadi artım tempinin azalması, Venesula və ya İrandan hər hansı birinin bazara daxil olması ilə bağlı real imkanların yaranması nəinki kəskin qiymət artımlarının qarşısı ala bilər. Hətta iqtisadi böhranın dərinləşməsi riski 80-ci illərdə oldduğu kimi enerji bazarında qiymətlərin enişini şərtləndirə bilər.

Müəllif: Rövşən Ağayev, iqtisadçı-ekspert

Son xəbərlər
Digər xəbərlər