22 C
Baku
Wednesday, September 24, 2025

Neftin qiyməti ardıcıl beş sessiyadır ki, ucuzlaşır

Çərşənbə axşamı neft qiymətləri ardıcıl beşinci sessiyadır ki azalıb. İraq və Kürdüstan regional hökumətləri arasında neft kəmərinin bərpası barədə ilkin razılaşma bazarda artıq təkliflə bağlı narahatlıqları artırıb.

Banker.az xəbər verir ki, Brent fyuçersləri 42 sent və ya 0,63% ucuzlaşaraq bir barel üçün 66,15 dollar, WTI fyuçersləri isə 36 sent və ya 0,58% azalaraq 61,92 dollar olub.

Beləliklə, hər iki bençmark son beş gündə üst-üstə 4% dəyər itirib.

“LSEG” analitiki Anh Pham bildirib ki, bazarda əsas mövzu hələ də təklif bolluğudur. Onun sözlərinə görə, ilin sonuna yaxın tələbin qeyri-müəyyənliyi, üstəlik Kürdüstandakı kəmərinin işə salınması qiymətlərə əlavə təzyiq göstərir.

İraqın federal və regional hökumətləri neft şirkətləri ilə gündəlik təxminən 230 min barel ixracın Türkiyə üzərindən bərpası barədə razılaşıb. Bu ixrac mart 2023-dən etibarən dayandırılmışdı.

Ümumilikdə qlobal bazar yüksək təklif və zəif tələblə üzləşir. Elektrikli avtomobillərin yayılması və tariflərdən qaynaqlanan iqtisadi çətinliklər də tələbi zəiflədir. Beynəlxalq Enerji Agentliyi xəbərdarlıq edib ki, təklif 2026-cı ilə qədər daha da arta bilər.

Bununla belə, risklər qalır. Treyderlər Avropa İttifaqının Rusiya neftinə qarşı yeni sanksiyalarını və Yaxın Şərqdə gərginliyi izləyirlər.

Reuters sorğusuna görə, ötən həftə ABŞ-da xam neft ehtiyatları artıb, benzin və dizel ehtiyatları isə azalıb. JODI məlumatına əsasən, Səudiyyə Ərəbistanının iyul ixracı son dörd ayın minimumuna düşüb. OPEC-in ikinci ən böyük istehsalçısı İraq isə SOMO vasitəsilə ixracını artırıb.

Son xəbərlər
Digər xəbərlər