2022-ci ilin beş ayında “Azeri Light” markalı xam neftin bir barrelinin orta ixrac qiyməti 106,3 ABŞ dollarına bərabər olub və ya dövlət və icmal büdcələrinin gəlirlərinin hesablanması üçün istinad götürülən qiyməti 2 dəfədən artıq üstələyib.
Maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, 2022-ci ilin ilk dörd ayının makro-iqtisadi nəticələri ilə yanaşı, beş aylıq fiskal icra göstəriciləri və dünya neft bazarlarında müşahidə edilən dinamika cari il üzrə makroiqtisadi proqnozların dəqiqləşdirilərək yenilənməsi üçün əsas yaradır.
“Qlobal miqyasda davam edən proseslər və enerji resursları ilə bağlı yüksək qiymət gözləntiləri nəzərə alınaraq, iqtisadi artım proqnozları yenilənən zaman xam neftin bir barrelinin orta illik ixrac qiyməti 85 ABŞ dolları, orta illik inflyasiya isə 12,5 faiz səviyyəsində götürülmüşdür.
Bu əsasda cari il üzrə 86,6 milyard manat həcmində nəzərdə tutulmuş ümumi daxili məhsul üzrə proqnoz yenilənir və artırılaraq 115,4 milyard manata, o cümlədən qeyri-neft sektoru üzrə 65,7 milyard manata çatdırılır. Ümumi daxili məhsulun real artım sürəti 5,5 faiz proqnozlaşdırılır”, – deyə nazir bildirib.