19 C
Baku
Wednesday, October 2, 2024

Neftin qiyməti niyə qalxmır?

Neftin qiyməti qalxmır, baxmayaraq ki, bunun üçün bütün ilkin şərtlər var. İsrail və HƏMAS arasındakı münaqişə, Süveyş kanalında gəmilərin atəşə tutulması və Panama kanalının quruması, neft hasil edən ölkələrin tədarükü məhdudlaşdırmaq üçün koordinasiyalı hərəkətləri – bütün bunlar ənənəvi olaraq “öküz”ə səbəb olan amillərdir. Bu niyə baş verir və yaxın gələcəkdə neft qiymətlərinin artacağını gözləmək olarmı?

Qeyd edək ki, ICE birjasında “Brent” markalı neftin fyuçersləri noyabr ayından bu yana 85 dollar/bareldən, yeni ildə isə 80 dollar/bareldən aşağı olub.

“Öküz” (Bull) faktorları

Ötən il noyabrın sonunda OPEC+ 2024-cü ilin birinci rübü üçün neft hasilatını sutkada 2.2 milyon barel həcmində könüllü azaldacağını açıqlamışdı. Səudiyyə Ərəbistanı gündəlik 1 milyon barel azalmanı uzadacağını təsdiqləyib, Rusiya hasilatı sutkada 0.5 milyon barel azaltmağa söz verib. Hasilatın yerdə qalan hissəsi İraq, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt, Qazaxıstan, Əlcəzair və Omanın payına düşür. Bazar bu açıqlamaya reaksiya verməsə də, alyans üzvləri 2024-cü ilin əvvəlində birliyə sadiqliklərini və neft bazarında sabitliyi qorumaq üçün səyləri davam etdirdiklərini təsdiqlədilər.

Digər bir artım faktoru Yəmənin husilərin Qırmızı dənizdəki ticarət donanmasına hücumları ola bilər ki, bu da bir çox şirkəti öz gəmilərini Afrikadan kənara yönləndirməyə məcbur edir. Noyabrın 19-dan yanvarın 9-dək husilər mülki gəmilərə 26 hücum həyata keçirib, ABŞ Mərkəzi Komandanlığı bildirib. Yanvarın 9-da həyata keçirilən sonuncu və ən böyük hücumda 18 pilotsuz uçan aparat, iki gəmi əleyhinə qanadlı raket və bir gəmi əleyhinə ballistik raket iştirak edib ki, onlar ABŞ-ın aviadaşıyıcı qrupu və Britaniya esminesi tərəfindən vurulub.

“Öküz” faktorlarından daha iksi Liviya Milli Neft Korporasiyasının etirazçılar tərəfindən ölkənin ən böyük Şərar neft yatağının ələ keçirilməsi ilə əlaqədar fors-major vəziyyət elən etməsi, o cümlədən dünyanın əsas ticarət yollarından biri Panama kanalının quruması ola bilər.

“Ayı” (Bear) faktorları

Müstəqil analitik Leonid Xazanov “Forbes”ə bildirib ki, neftin qiyməti bir-biri ilə əlaqəli olan amillər kompleksinin təsiri altında qalxmır. Məsələn, hazırda planlı təmir üçün fəaliyyətini dayandıran ABŞ və Avropa İttifaqının neft emalı zavodlarının tədarükü azaltması.

Bundan əlavə, neft sadəcə çoxdur. “Qara qızıl qlobal neft bazarına ABŞ-ın ötən il sanksiyaları yumşaltdığı Venesueladan və ciddi məhdudiyyətlərin qüvvədə olduğu İrandan da daxil olur”, – Xazanov deyir. Ötən ilin oktyabrında ABŞ sanksiyalarının yumşaldılmasından sonra Venesuela neft ixracını illik müqayisədə 12% artıraraq gündəlik təxminən 700 min barelə çatdırıb. OPEC-in məlumatına görə, İran da neft hasilatını artırır. OPEC-in dekabr ayındaki son bülletenində İranın 2023-cü ilin noyabrında sutkada 3.128 milyon barel hasil etdiyi bildirilib.

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) bildirib ki, ölkə sentyabrda neft hasilatı üzrə rekorda imza atıb – sutkada 13.25 milyon barel. Oktyabr ayında istehsal faktiki olaraq dəyişməz qalıb. Agentlik ABŞ istehsalının 2024-cü ildə gündəlik 13.2 milyon barel səviyyəsində qalacağını proqnozlaşdırsa da, yeni rəsmi məlumatlar hələ dərc edilməyib. Braziliya, “Kpler”ə görə, keçən il neft hasilatını 2022-ci illə müqayisədə gündəlik 400 min barel artıraraq 3.6 milyon barelə çatdırıb.

Daha bir “ayı” faktoru tələbin durğunluğudur. Eyni zamanda, ABŞ və Aİ iqtisadiyyatları çökür, Çin iqtisadiyyatı isə büdrəyir ki, bu da neft istehlakının həcminə təsir edir. Bazarda qıtlıq yoxdur, qiymətlər cüzi azalma meyli ilə dəyişir. Bunun nə qədər davam edəcəyi isə bu ilin birinci rübündə ölkələrin iqtisadi fəallığından asılı olacaq. Əgər neftə tələbat artarsa, bəlkə də qlobal iqtisadiyyatın artımı ilə birlikdə neftin qiyməti də qalxacaq. Əks halda, qiymətlər eyni səviyyədə qalacaq.

Yaxın Şərqin təsiri hələ də neytraldır

Analitiklər hesab edirlər ki, Husilərin Qırmızı dənizdəki hücumları Süveyş kanalı vasitəsilə neft tranzitinə böyük təsir göstərməməlidir. Yaxın Şərq münaqişələri öz axarı ilə gedir. İranın birbaşa iştirakı ilə genişmiqyaslı müharibə olmasa, Yaxın Şərq risklərinin qiyməti qaldıracaq risklərə çevriləcəyini gözləmək olmaz.

Qurumuş Panama kanalı əslində yalnız neft yüklərinin daşınması marşrutlarının dəyişməsinə səbəb olub, başqa heç nə. Nəqliyyat Afrikadan yan keçir. Bu, gəmilərin kirayəsi baxımından daha baha başa gəlir, lakin bazarda neftə yüksək tələbatın olmadığını nəzərə alsaq, bütün xərcləri yükgöndərənlər çəkir.

Səudiyyəlilər satış qiymətlərini aşağı salırlar

Rusiyanın indi satıcı deyil, alıcı bazarına malik olduğunun digər dolayı sübutu Səudiyyə Ərəbistanının bütün alıcılar üçün qiymətləri endirməsidir. “Reuters” dövlətə məxsus “Saudi Aramco” şirkətinin bəyanatına istinadən xəbər verir ki, neft qiymətləri fevral ayında xam neftin bütün regionları – Asiya, Şimal-Qərbi Avropa və Aralıq dənizi, eləcə də ABŞ üçün bir barel üçün 2 dollar endirilib. Qiymət neftin hansı regional etalonla bağlı olmasından asılı olaraq dəyişir.

Əgər neft qiymətləri azalmağa davam edərsə, Səudiyyə Ərəbistanı və onun OPEC+ tərəfdaşlarının yaxın bir və ya iki ay ərzində yeni ixtisarlar barədə razılığa gəlməkdən başqa yolu qalmayacaq.

OPEC+ tərəfdaşlarının hasilatın azaldılması təklifinə sadiq olması üçün Səudiyyə Ərəbistanı öz neftinin qiymətini aşağı salır. Bu, onu göstərmək məqsədi daşıyır ki, əgər razılığa gəlmək mümkün olmasa, o zaman hər kəs hansısa qiymət müharibəsi variantı ssenarisi ilə üzləşəcək və Səudiyyə Ərəbistanı buna hazırdır: o, qiymətləri aşağı sala və hasilatı artıra bilər.

Yaxın Şərqdə eskalasiya riskini istisna etmək olmaz

EIA bu il “Brent”in orta qiymətinin 2023-cü ildəki orta qiymətlə təxminən eyni olacağını və bir barel üçün 82 dollar təşkil edəcəyini proqnozlaşdırır. Agentliyin analitikləri qlobal neft tələbi və təklifinin “nisbətən balanslaşdırılmış” olacağını gözləyirlər, lakin əlavə edirlər ki, Yaxın Şərqdə münaqişənin mümkün kəskinləşməsi tədarükün pozulması riskini artırır. Bu, daha yüksək və dəyişkən qiymətlərlə nəticələnə bilər.

Dünya Bankı yanvar hesabatında oxşar nəticələrə gəlib. Sənəddə deyilir ki, Yaxın Şərqdə münaqişə kəskinləşməsə, dünyada və ilk növbədə Çində iqtisadi fəallığın azalması səbəbindən 2024-cü ildə neftin orta qiyməti 81 dollar/barelə enəcək. Bununla belə, Yaxın Şərqdə gərginləşən münaqişə tədarükün kəsilməsi və neftin qiymətinin artması ilə bağlı ciddi risk yaradır. Dünya Bankının analitikləri hesab edirlər ki, bu halda neftin qiyməti artıq 2024-cü ilin birinci rübündə 30%, ümumilikdə 2024-cü ildə isə orta hesabla 20% arta bilər.

Son xəbərlər
Digər xəbərlər