Ukraynanın hücumuna görə iki günlük fasilədən sonra Rusiyanın Novorossiysk limanında neft yükləmələrinin bərpa olunması xəbəri ardından neftin qiyməti yenidən ucuzlaşıb.
Banker.az xəbər verir ki, Brent 0,82% azalaraq 63,86 dollara, WTI isə 0,93% ucuzlaşaraq 59,53 dollara düşüb.
Cümə günkü 2%-lik artım Novorossiysk və Xəzər Boru Kəməri Konsorsiumunun terminalında ixracın dayandırılması fonunda baş vermişdi. Yükləmələr bazar günü bərpa olunsa da, Ukraynanın Rusiyanın enerji infrastrukturu – Ryazan və Novokuibışevsk zavodları – üzərinə hücumları səbəbindən gələcək kəsintələr riski qalır.
“Fujitomi Securities” analitikinin bugünki qeydində bildirilir ki, investorlar bu hücumların Rusiyanın ixracına uzunmüddətli təsirini qiymətləndirir və keçən həftəki rallidən sonra mənfəət götürürlər. Onun sözlərinə görə, OPEC+ hasilat artımları fonunda təklif profisiti qalır və WTI 60 dollar ətrafında dalğalana bilər.
Qərbin sanksiyaları da bazarda diqqət mərkəzindədir. ABŞ 21 noyabrdan sonra Lukoil və Rosneft ilə əməliyyatları qadağan edir. Prezident Donald Tramp Rusiyayla biznes edən ölkələrə əlavə sanksiyalar tətbiq ediləcəyini, İranın da siyahıya əlavə oluna biləcəyini bildirib.
OPEC+ dekabr üçün hasilatı gündə 137 min barel artırmaq barədə əvvəlki planı təsdiqləyib və gələn ilin ilk rübündə artımlara fasilə vermək qərarına gəlib. ING bildirir ki, bazarda 2026-cı ilədək profisit qalacaq, lakin Ukraynanın PUA hücumları və İranın Hörmüzdən keçən tankeri ələ keçirməsi fonunda təchizat riskləri artır.
ICE Brent üzrə xalis uzun mövqelər ötən həftə 12 636 lot artıb. ABŞ-da neft quyularının sayı isə üç ədəd artaraq 417-yə çatıb.








