26 C
Baku
Wednesday, June 11, 2025

Neftin qiyməti son iki ayın maksimumuna yüksəlib

Neft qiymətləri çərşənbə axşamı ABŞ və Çin arasında keçirilən ticarət danışıqlarının nəticələrinə dair gözləntilərlə artım göstərib. Eyni zamanda, Səudiyyə Ərəbistanının Çinə ixrac edəcəyi xam neft həcminin azaldılması da bazara təsir edib.

Banker.az xəbər verir ki, Brent markalı xam neftin avqust fyuçersləri 0,5% və ya 34 sent bahalaşaraq bir barel üçün 67,38 dollara çatıb. ABŞ-ın WTI markalı nefti isə 33 sent artaraq 65,62 dollar olub.

Bazar ertəsi Brent qiyməti 67,19 dollara qalxaraq 28 apreldən bəri ən yüksək səviyyəyə çatmışdı. Qiymət artımına ABŞ və Çin arasında mümkün ticarət razılaşması ilə bağlı nikbinlik təsir edib. Danışıqların ikinci günü Londonda davam etdirildiyi bildirilir. ABŞ Prezidenti Donald Tramp danışıqların yaxşı getdiyini və komandasından yalnız “yaxşı xəbərlər” aldığını bildirib.

Ticarət sazişi qlobal iqtisadi perspektivləri dəstəkləyə və xammal, o cümlədən neftə tələbi artıra bilər. “Goldman Sachs” analitikləri bildiriblər ki, tələblə bağlı narahatlıqlar azalıb, ABŞ-da əmək bazarı üzrə müsbət hesabatlar və Kanadada meşə yanğınlarının Şimali Amerikada təchizata risk yaratması qiymətləri dəstəkləyir.

“Reuters”in məlumatına görə, Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Aramco” iyulda Çinə 47 milyon barel neft göndərəcək ki, bu da iyun ayına nisbətən 1 milyon barel azdır.

OPEC+ çərçivəsində iyul üçün gündəlik 411 min barel artım planlaşdırılır. Lakin Səudiyyə Ərəbistanı və BƏƏ kimi əsas istehsalçılar hələ də bu artımı tam şəkildə həyata keçirməyib.

Bundan əlavə, İranın ABŞ-la nüvə sazişi üzrə qarşı təklif təqdim etməyə hazırlaşdığı bildirilir. Bu ölkəyə qarşı sanksiyaların yumşaldılması İranın neft ixracını artıra və qlobal qiymətlərə təzyiq göstərə bilər.

Son xəbərlər
Digər xəbərlər