15 C
Baku
Saturday, April 20, 2024

Neftin qiyməti “tələbin bərpası” şübhəsi və dolların güclənməsi ilə ucuzlaşır

Çin kimi böyük neft alıcısının tələbin koronavirus səbəbindən sual altına düşməsi treyderlər üçün pessimist baxış vəd edir. Bu da öz növbəsində “qara qızılın” qiymətinin həftənin ilk günündəcə 1 faiz ucuzlaşma ilə başlamasına səbəb olub.

Banker.az xəbər verir ki, London birjasında Brent markalı xam neftin bir barreli 53 sent (0.96%) ucuzlaşmaqla 54.57 dollar olub. Ötən həftə isə 2.3% adıçəkilən markada olan neft qiymət itkisi ilə üzləşmişdir.

WTI markalı ABŞ nefti isə sessiya ərzində 44 sent ( 0.84%) ucuzlaşıb, 51.92 dollar/barrelə düşüb.

Ucuzlaşmada digər önəmli faktor isə ABŞ dollarının 6 rəqibi qarşısındakı indeksi həftənin ilk gününə 0.10% artımla 90.847 bənd olmasıdır. EUR/USD məzənnəsi 0.08% ilə 1.2069, GBP/USD 0.17% ilə 1.3563 səviyyəsində təşkil olunub. ABŞ dolları həmçinin Kanada və Avstraliya valyutası qarşısında bahalaşır.

Neftin qiyməti son ötən həftə COVID-19 peyvəndinin aparılması coğrafiyasının genişlənməsi və ən iri neft ixracatçısı – Səudiyyə Ərəbistanın hasilatın “könüllü” 1 mln. barrel-günlük azaldılması fonunda qiymət artımı qazanmışdı. Yeni variantda olan virusun dünyaya yayılması yanacağa olan uzunmüddətli tələbin bərpa olunması üçün şübhələr yaradır.

Ekspertlərə görə, bəzi bölgələrdə artan koronavirus hadisələri neft qiymətlərinin daha da yüksəlməsinə mane ola bilər. Belə ki, Çində xəstələrin sayı yenidən artmağa başlayıb, Fransa və Almaniya daha sərt karantin tədbirləri görməyi düşünür.

60 DOLLARDAN AŞAĞI OLACAQ?

Bu arada, “PwC” audit və konsaltinq şirkəti proqnoz verərək bildirir ki, 2021-ci ilin birinci yarısında neft qiymətləri 60 dollardan aşağı olacaq.

“PwC” bildirir ki, ilin birinci yarısında neft qlobal tədarükünün böhrandan əvvəlki səviyyələrdən çox aşağıda qalacağı gözlənilir. Lakin neft qiymətləri ilin ikinci yarısında artacaq.

“Neft qiymətləri son zamanlarda 2020-ci ildəki ən aşağı səviyyələrdən yuxarı qalxsa da, yenə də nisbətən təzyiq altında qalmaqda davam edəcək. Yaxın Şərqdə hər hansı geosiyasi inkişaf olmadığı təqdirdə, xüsusilə şimal yarımkürəsindəki iqtisadiyyatlarda neft tələbatı Çində bərpa prosesinə baxmayaraq, ilin ilk 6 ayı ərzində azalmaqda davam edəcək. COVID-19-a qarşı peyvəndin daha geniş yayılması və iqtisadi fəaliyyətin sürətlənməsi fonunda “qara qızıl”ın qiymətlərinin 2021-ci ilin ikinci yarısında artma ehtimalı yüksəkdir. Neft hasilatı səviyyələrində də oxşar tendensiya gözlənilir. İlin birinci yarısında neft tədarükünün böhrandan əvvəlki səviyyələrdən çox aşağıda qalacağı, tələbatın artması fonunda isə tədricən yüksələcəyi gözlənilir”, – deyə şirkətin məlumatında qeyd olunur.

 

Son xəbərlər
Digər xəbərlər