Birja məlumatlarına görə, Brent və WTI markalı neft üzrə fyuçerslərin qiyməti artıma keçib, qızıl və gümüş fyuçerslərinin qiymətində isə eniş sürətlənib. Bu dinamika ABŞ prezidenti Donald Trampın İranla bağlı bəyanatlarından sonra müşahidə olunub.
ABŞ lideri Truth Social sosial şəbəkəsində bildirib ki, İran ABŞ ilə sülh sazişi üzrə danışıqları qəsdən uzadır. O həmçinin iddia edib ki, ABŞ İran ordusunu tamamilə məğlub edib.
Bakı vaxtı ilə saat 15:05-ə olan məlumata görə, Londonun ICE birjasında 2026-cı ilin avqust ayı üzrə Brent markalı neft fyuçerslərinin qiyməti 1,85% artaraq bir barel üçün 93,14 dollara çatıb.
Eyni zamanda, 2026-cı ilin iyul ayı üzrə WTI markalı neft fyuçerslərinin qiyməti 1,97% yüksələrək bir barel üçün 89,94 dollar olub.
Comex birjasında 2026-cı ilin avqust ayı üzrə qızıl fyuçerslərinin qiyməti 2,58% azalaraq bir troy unsiyası üçün 4 176 dollara enib.
2026-cı ilin iyul ayı üzrə gümüş fyuçersləri isə 2,09% ucuzlaşaraq bir troy unsiyası üçün 63,875 dollar səviyyəsinə düşüb.







