Çərşənbə günü neft qiymətləri yüksəlib, ABŞ Prezidenti Donald Trampın Hindistanın Rusiya nefti alışı ilə bağlı tarif təhdidlərindən sonra təchizatda mümkün pozuntulara dair narahatlıqlar fonunda beş həftənin minimumundan bərpa olunub.
Banker.az xəbər verir ki, Brent markalı neftin qiyməti 0.6% artaraq 68.07 dollar, WTI isə 0.6% qalxaraq 65.56 dollar olub.
ING-dəki anlitiklər bildirir ki, bazarda Trampın Rusiya nefti alanlara qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edə biləcəyi barədə söz-söhbət artır və növbədə Çinin ola biləcəyi düşünülür. Analitiklərə görə, Hindistan alışı dayandırsa belə, bazar buna uyğunlaşa bilər, lakin digər ölkələr də Rusiya neftindən imtina etsə, risklər arta bilər.
“Nomura”nın iqtisadçısı Yuki Takaşima deyir ki, Hindistanın Rusiya nefti idxalını azaldıb-azaltmayacağı hələ bəlli deyil, lakin bu baş verərsə, bazarda təklif darala bilər.
Tramp Hindistana qarşı tarifləri 24 saat ərzində artıracağı ilə hədələyib. Yeni Dehli isə bu təhdidi “əsassız” adlandırıb və iqtisadi maraqlarını qoruyacağını bildirib.