Neft qiymətləri Yaxın Şərqdə müharibənin genişlənməsi riski və razılaşma üçün müəyyən edilən son tarix fonunda bir barel üçün 110 dollar ətrafında qalır.
Banker.az (İnvestsiya) xəbər verir ki, fevralın sonunda ABŞ-İsrailin İranla müharibəsi başladıqdan sonra bazarlar ciddi təzyiq altındadır. Tehran qlobal neft tranziti üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazını faktiki bağlayıb ki, bu da dünya üzrə enerji qiymətlərinin artması və inflyasiya risklərinin güclənməsi ilə nəticələnib. Qeyd olunur ki, qlobal neft və qaz tədarükünün təxminən beşdə biri bu marşrutdan keçir.
ABŞ Prezidenti Donald Tramp razılaşmanın əldə olunması üçün çərşənbə axşamı Bakı vaxtı ilə saat 00.00 son tarix müəyyən edib. Danışıqlarda irəliləyiş əldə olunmaması investorları ehtiyatlı mövqe tutmağa vadar edir və bazarlar hazırda gözləmə mərhələsindədir.
Son ticarətdə Brent markalı neft fyuçersləri 0.4% artaraq 110.19 dollar, ABŞ-ın WTI nefti isə 0.8% yüksələrək 113.31 dollar olub.
Analitiklər bildirir ki, İranın enerji infrastrukturunun hədəfə alınması ilə bağlı mümkün addımlar münaqişənin daha da eskalasiyasına səbəb ola və Körfəz regionunda enerji obyektlərinin fəaliyyətini poza bilər. Bu isə qlobal enerji bazarında təklif risklərini artıraraq qiymətlərin yüksək səviyyədə qalmasına gətirib çıxarır.
Münaqişə staqflyasiya risklərini artırıb və bazarlar artıq bu il ABŞ Federal Ehtiyat Sisteminin faiz endirimi ehtimalını qiymətləndirmir. Dollar güclü qalıb, qızıl isə 0.17% azalaraq 4 640 dollar olub.





