İqtisadçı Natiq Cəfərli OPEC ölkələrinin yaxın zamanlarda keçiriləcək görüşü ilə bağlı öz səhifəsində buna münasibət bildirib.
Natiq Cəfərli bu barədə yazaraq bildirib ki, Rusiya 2 ay öncə xam neft hasilatını dondurulması ilə bağlı təkliflər irəli sürüb: “Fevral ayında Doxa şəhərində Səudiyyə, Rusiya, Venesuella toplaşdılar, hasilatın 12 yanvar səviyyəsində dondurula biləcəyi haqqında ilkin razılığa gəldilər. 12 yanvar günü həm Rusiyada, həm də Səudiyyədə hasilat pik nöqtədə olub – 10,5 mln barelə yaxın. 
Bu razılaşma sənədinin imzalanması artıq 2 dəfə təxirə düşüb, indi son tarix kimi 17 aprel (bazar günü, bu da vacibdir, bazar günü dünya birjaları çalışmır) göstərilir. İran bu anlaşmanı “gülünc” adlandırdı, qoşulmayacaq, hətta hasilatı yaxın 6 ayda əlavə olaraq 1 milyon barel artıracağını bəyan etdi. Bu gün Səudiyyənin neft naziri dedi ki, hasilatın azalması məsələsini unudun, biz bazarlarımızı itirməyəcəyik”.
Onun sözlərinə görə, son 1 həftədə həm Dünya Bankı, həm də BVF 2016-cı il üçün neftin ortalama qiymət proqnozlarını açıqladılar, onlar 35-37 dollar arası qiymət gözləyirlər: “Orta və uzun vadəli bütün trendlər də neftin qiymətinin uzun zaman 30-40 dollar arası olma ehtimalını gücləndirir.
Düşünürəm ki, 17 aprel Doha görüşü bazarın gözləntilərini qarşılaya bilməyəcək, bununla da qiymətin kəskin enməsini müşahidə edəcəyik. Çox güman, qiymət 18 apreldən sonra 10-15% aşağı düşəcək. Son günlərin qiymət artımım arxasında sözlü müdaxilələrdən başqa heç bir fundamental səbəb dayanmır”.








