Dünən neft qiymətlərinin düşməsi fonunda energetika sektoru səhmlərinin qiymətinin azalması “S&P 500” sənaye indeksinə təzyiq göstərib və ABŞ-ın əsas fond birjası indeksi olan “Dow-Jones”un tarixi rekord – 20 000 bənd səviyyəsini ötməsinə mane olub.
“Report”un “İnvesting.com” saytına istinadən verdiyi xəbərə görə, energetika sektoru ilə yanaşı maliyyə sektorunda da baş verən səhmlərin ucuzlaşması prosesi “Dow-Jones” indeksinin geriləməsini sürətləndirib. “S&P 500” energetika sektoru indeksi dünən 1,5% azalma göstərib. Buna səbəb İraqın neft ixracını artırması və ABŞ-da hasilatın artması fonunda OPEC və qeyri-OPEC ölkələrin neft hasilatını azaltması qərarının effektivliyini itirməsi göstərilir. Maliyyə sektoru isə 2016-cı ilin son rübündə yaxşı göstəricilər açıqlamama ehtimallarının yüksəlməsi və yanvarın 20-də yeni ABŞ prezidentinin vəzifəyə başlamasından sonra verəcəyi qərarların təsiri ilə 0,8% azalıb.