13 C
Baku
Friday, November 22, 2024

Neobanklar – yeni nəsil bankçılıq

2008-ci cil qlobal maliyyə böhranından sonra müasir maliyyə sisteminə etibarın azalması bank sektorunun tənzimlənməsi qaydalarının daha da sərtləşdirilməsi ilə nəticələndi. Lakin inzibati tənzimləmələr gözlənilən effekti verməsə də rəqəmsal texnologiyaların inkişafı ümumilkdə maliyyə sektorunu dəyişməyə məcbur etdi. Son illər ərzində təmassız ödənişlər, əşyaların interneti (İoT), çat botlar, rəqəmsal valyutalar, süni intellekt, biometrik identifikasiya və blokçeyn texnologiyası maliyyə sənayesinə sürətli şəkildə inteqrasiya olunmaqdadır. Texnoloji yeniliklərin tətbiqi bank və maliyyə sektoruna əhəmiyyətli dərəcədə təsir edərək yeni növ rəqəmsal bank xidmətlərinin yaranmasına səbəb oldu. Smartfonların meydana çıxması və mobil xidmətlərin geniş yayılması sayəsində yeni nəsil bankçılıq seqmentinin – neobankların populyarlıq qazanmasını təmin etdi.

Neobanklar – standart bank xidmətlərini rəqəmsal formatda təklif edən fintech şirkətlərdir. Adi banklardan fərqli olaraq, neobankların fiziki filialları yoxdur və bank lisenziyası olmadan da fəaliyyət göstərə bilirlər. Neobanklar müştərilərinə yalnız mobil tətbiqetmələrdən və onlayn platformalardan istifadə edərək xidmət göstərən yeni nəsil banklardır. Neobanklar müştərilərə operativ xidmət, innovativ məhsul çeşidləri və komissiya xərcləri üzrə ənənəvi bankları üstələyərək maliyyə bazarına yeni təkliflər təqdim edə bilirlər. Neobankları bəzən smart və ya rəqəmsal banklar kimi də adlandırırlar. Neobanklar yeni texnologiyalardan istifadə etməklə bank xidmətlərinin avtomatlaşdırılması və optimallaşdırılmasına kömək edən müasir platformalar üzərində quruluur. Bir neobanka keçid o deməkdir ki, biznes fəaliyyəti üçün hesab açma prosesi adi bankda hesab açmaq üçün tələb olunan vaxtın yalnız kiçik bir hissəsini alır. Yəni, üzbəüz görüşlərə, təqdim ediləcək hər hansı bir kağız sənədlərə ehtiyac yoxdur.

Nobankların yaranması və inkişafı 2018-ci ildən daha da sürətlənib. Bunun bariz nümunəsi kimi onların sayının və dövriyyəsinin artmasını göstərmək olar. Belə ki, 2018-ci ilə müqayisədə 2021-ci ildə neobankların sayı 26-dan 63-ə, dövriyyə kapitalı isə 18.6 milyard dollardan 43.1 milyard dollara qədər artmışdır. Bu tendensiya neobankların uğurunun onlayn xidmətlər ilə yanaşı bir sıra digər üstünlüklərlə də əlaqəli olması ilə izah edilə bilər. Neobankların əsas üstün cəhətləri:

  • Aşağı komissiya xərcləri. Nobanklarda inzibati xərclərin minimal olması öz müştərilərinə əməliyyatlar üzrə aşağı komissiyalar təklif etməyə imkan yaradır;
  • Kredit almaq üçün sadələşdirilmiş prosedurlar. Müştərinin kredit riskini qiymətləndirmək üçün müasir texnologiyalardan istifadə olunduğundan, neobanklardan kredit almaq prosesi daha rahat və daha sürətli olur;
  • Maliyyə analitikası üçün yeni həllər. Adi bank xidmətlərinə əlavə olaraq, neobanklar hesabdakı pul vəsaitlərinin hərəkətinin avtomatik təhlili üçün xidmətlər göstərir və eyni zamanda istifadəçilərinə fərdi maliyyə həlləri təklif edirlər;
  • Depozitlər üzrə yüksək faiz dərəcələri. Bir çox neobanklar öz müştərilərinə adi banklar kimi depozit xidmətini də təklif edirlər. Lakin ənənəvi banklardan fərqli olaraq neobanklar filial şəbəkəsinin olmaması və işçi sayının isə az olduğu üçün əmanətlər üçün daha yüksək faiz təklif edə bilirlər.

Yuxarıd qeyd etdiyim üstünlüklərlə bərabər nobankların 2 əsas çatışmayan cəhəti var:

  • Faktiki olaraq neobanklar hüquqi cəhətədn bank deyil və gələcəkdə baş verə biləcək hər hansı problemli məsələ ilə bağlı qanuni həll prosedurlarının olmamsı riski mövcuddur. Mümkün saxtakarlıq və texniki səhvlərə görə kimin cavabdeh olacağı ilə bağlı qarışıqlıq yarana bilər və bunun hüquqi tənzimlənməsi olmaya bilər.
  • Noebankların fiziki filial şəbəkəsi olmadığına görə nəğd əməliyyatların aparılması ilə bağlı xidmətləri partnyor bankların bankomat şəbəkələri ilə əməkdaşlıq çərçivəsində edirlər. Lakin bəzi müştərilər müəyyən əməliyyatlar aparmaq üçün bank şöbəsinə şəxsən müraciət etməyə ehtiyac duyurlar. Bu, xüsusilə yüksək məbləğlı və mürəkkəb əməliyyatların olduğu zamanı baş verir. Nobanklarda isə bütün xidmətlər onlayn rejimdə aparılır.

Neobankların uğurlu fəaliyyəti yerləşdiyi ölkənin tənzimləmə mühitindən və müşərilərinin ehtiyac duyduğu xidmətlərin çeşidindən aslıdır. Bu sektorda ən uğurlu təcrübəyə Avropa ölkələri, xüsusilə İngiltərə malikdir. Hazırda 3 əsas neobank modeli mövcuddur:

  1. Bank lisenziyası olan neobank modeli. Bəzi neobanklar artıq tam bank lisenziyası alıblar və onların fəaliyyətlərinin tənzimləmə mexanizmi adi banklardan fərqlənmir. Eyni zamanda, xüsusilə neobankların üçün bir sıra ölkələrdə tam hüquqlu bir bank lisenziyası əldə edilmədən əvvəl “ara mərhələ” kimi təqdim olunan məhdud bir növ bank lisenziyası tətbiq edilir. Belə hallarda, neobanklar tənzimləyicidən tələbləri azaltmadan bank sektoruna tam daxil olmaq üçün öz resurslarını daha da təkminləşdirə bilirlər. Bu tip lisenziya növü İngiltərə və Avstraliyada mövcuddur.

Misal: Monzo (İngiltərə), Volt Bank (Avstraliya), Varo (ABŞ), Tinkoff Bank (Rusiya), :86400 (Avstraliya), İNG Bank (Niderland), Xinja (Avstraliya).

  1. Bankla əməkdaşlıq edən neobank modeli. Bu model çərçivəsində neobanklar mövcud banklarla əməkdaşlıq edirlər. Bu halda, kredit riskləri ilə yanaşı maliyyə tənzimləyicisinin tələblərinə riayət etmək üçün bütün öhdəliklər tərəfdaş bankın üzərinə düşür, neobank isə yalnız texnoloji həllər təqdim edir.

Misal: Chime (ABŞ), Up (Avstraliya), Simple (ABŞ), Starling Bank (İngiltərə).

  1. Qarışıq neobank modeli. Bir çox hallarda neobanklar yalnız bəzi konkret maliyyə xidmətləri üçün lisenziyalar alırlar və digər fəaliyyətlərini adi banklarla partnyorluq yolu ilə həyata keçirirlər. Məsələn, Avropada EMI (Electronic Money Instutution) lisenziyası neobanka kart çıxarmaq, pul köçürmək və elektron pul buraxmaq üçün icazə verir. Depozit hesabı açmaq kimi digər xidmətlər yalnız adi banklarla əməkdaşlıq yolu ilə neobanklar tərəfindən təmin edilə bilər.

Misal: Bnex (İspaniya), Sofi (ABŞ), Nubank (Braziliya), N26 (Almaniya), WeBank (Çin), Koho (Kanada), Revolut (İngiltərə), BruBank (Argentina).

Hazırda ənənəvi banklar neobanklara fərqli reaksiya göstəririlər. Bir çox banklar onlarla rəqabət aparır, bəziləri qarşılıqlı fayda üçün neobanklarla partnyorluq edir, bəzi banklar isə öz neobanklarının yaradılmasına daha çox üstünlük verirlər. ABŞ-ın ən iri bankların biri olan Goldman Sachs 2016-cı ildə öz neokankı Marcus-u, GreenDot Bank isə Walmart ilə partnyorluq çərçivəsində GoBank nebonkını yaradıb. Fransanın BNP Paribas bankı Avropanın ilk 100% rəqəmsal mobil bankı olan Hello Bankı 2013-cü ildə istifadəyə təqdim etmişdi. Hazırda neobanklarla sıx əməkdaşlıq edən dünya bankları: The Bancorp Bank, Bank and Trust, Wells Fargo, BBVA, Choice, MetaBank, Metropolitan Commercial Bank.

Neobanklar hələ ki, ilkin inkişaf mərhələsindədir və bu seqment haqqında statistik məlumatlar olduqca azdır. Lakin yaxın gələcəkdə neobankların fəaliyyət spektorunun genişlənməsi ənənəvi bankçılıq biznes modelinin effektivliyini azaldacaqdır. Hesab edirəm ki, mövcud bankçılıq modeli 5-10 il sonra daha fərqli olacaqdır. Artıq reallıqdır ki, maliyyə xidmətləri göstərən fintech şirkətlər və startaplar ənənəvi bankları tədricən bazardan çıxardacaqlar. Neobank seqmentinin uğurlu nəticələri maliyyə sisteminin effektivliyini artıracaq və ümumilkdə biznes münasibətlərinin inkişafını daha da sürətləndirəcəkdir.

Müəllif: Elnur Quliyev

 

Son xəbərlər
Digər xəbərlər