“Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaiti ilə bağlı sərəncam verən qurum dəyişdirilib.
Bununla bağlı dövlət başçısı İlham Əliyev bu il iyulun 20-də sərəncam imzalayıb. Bu sərəncamla bu sahədə indiyə kimi sərəncam verən Nəqliyyat Nazirliyinin səlahiyyəti “Avtomobil yolları” ASC-yə verilib.
“Avtomobil yolları” Məqsədli Büdcə Fondu yol vergisi, sadələşdirilmiş vergi, aksizlər, dövlət rüsumları və dövlət büdcəsindən bəzi ayırmalar hesabına formalaşır.
Dəyişikliyə əsasən, bu sahədə tətbiq edilən cərimələr də Fonda yönəldiləcək.
Son 3 ildə Nəqliyyat Nazirliyinin bir sıra səlahiyyətləri alınıb, bu nazirliyə daxil olan bəzi strukturlar kənar qurumlara verilib. Bura taksi fəaliyyətindən ötrü verilən lisenziyalardan tutmuş, yollara nəzarətə qədər bir sıra səlahiyyətlər daxildir./Azadlıq.org