Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə NEQSOL Holding beynəlxalq şirkətlər qrupu “YAŞAT” Fonduna 1 milyon manat məbləğində vəsait köçürüb. Vəsait NEQSOL Holding-in səhmdarının qərarı ilə tərkibində olan şirkətlər tərəfindən ödənilib.
“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində NEQSOL Holding Azərbaycan xalqı ilə həmrəylini ifadə edir, bu bayram və Yeni il münasibətilə onu təbrik edir, firavanlıq və davamlı inkişaf arzulayır. İnanırıq ki, bu vəsait hərbi əməliyyatlar nəticəsində yaralanan şəxslərin və həmçinin şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması üçün əlavə imkanlar yaradacaq,” deyə, NEQSOL Holding-in Baş Direktoru Yusif Cabbarov bildirib.
“YAŞAT” Fondu Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsis olunub. Fondun vəsaiti Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə yaralananların müalicəsi, onlara və şəhid ailələrinə psixoloji dəstək, məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xərclərin maliyyələşdirilməsi və digər sosial ehtiyaclar üçün nəzərdə tutulur.
NEQSOL Holding səkkiz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur. Holdinq və tərkibindəki şirkətlər korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq müxtəlif tədbirlər və təşəbbüslərini davam etdirir.