Banker.az NEQSOL Holding-in Risklərin İdarə Olunması üzrə rəhbəri Samir Kərimovla geniş müsahibəni təqdim edir.
• Samir müəllim, real sektorda risklərin idarə edilməsi sisteminin tətbiqi və aktuallığının nəyə görə vacib olduğu haqqında fikirlərinizi bölüşərdiniz, zəhmət olmasa.
İstənilən sektorda kommersiya fəaliyyəti göstərən şirkətlər üçün maliyyə risklərinin idarə edilməsi sisteminin tətbiqi mühüm hədəf olmalıdır. Məqsəd təşkilatın maliyyə sabitliyini qorumaq, risk-mükafat nisbətini optimallaşdırmaq və makro-iqtisadi təsirlərə baxmayaraq, uzunmüddətli uğuru təmin etməkdir.
Bununla yanaşı, inkişaf etmiş ölkələrdə risklərin idarə edilməsi artıq uzun illərdir ki real sektorun istehsalat, energetika, tikinti və informasiya texnologiyaları sahələrində geniş şəkildə tətbiq olunur. Məsələn, istehsalat sektorunda işçilərin təhlükəsizliyini təmin etmək, məhsulun keyfiyyətini qorumaq və istehsalda yaranan fasilələri minimuma endirmək üçün effektiv risklərin idarə edilməsi təcrübələri vacibdir. İnformasiya texnologiyaları sahəsində isə şirkətlər məlumatların təhlükəsizliyini, xidmətin fasiləsiz təmin edilməsini, avadanlıq və sistemlərin nasazlıqları ilə bağlı risklərin idarə edilməsini təmin edir.
• Azərbaycanda risklərin idarə edilməsi sisteminin real sektorda tətbiqi haqqında nə deyə bilərsiniz?
Əminliklə deyə bilərəm ki, son illərdə Azərbaycanda fərqli sektorlarda bu sahəyə olan tələbatın artması müşahidə olunur. Biznes mühiti və tənzimləyici orqanların tələbləri, rəqəmsallaşmağa doğru inkişafda kibertəhlükəsizlik ilə bağlı narahatlıqlar, qlobal miqyasda iqtisadi qeyri-müəyyənlik, reputasiyanın müdafiəsinin bizim dövrdə aktuallığı bu sahəyə olan maraq və tələbatın artmasına səbəb oldu. Məhz bu amillərə görə risklərin idarə edilməsi üzrə mütəxəssislərə, məsləhətçilərə və ixtisaslaşmış həllərə tələbat artıb.
• NEQSOL Holding Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərir: enerji, telekommunikasiya, yüksək texnologiyalar, tikinti materiallarının istehsalı. Belə fərqli sahələrdə risklərin idarə edilməsi sistemi necə təşkil olunub?
Beynəlxalq praktika onu göstərir ki, risklərin idarə edilməsi sisteminin uğurlu olması üçün 4 elementdən ibarət strategiya olmalıdır. Bunlar təsdiqlənmiş normativ sənədlər (siyasət, metodologiya və prosedurlar), risklərin idarə edilməsi üzrə komanda, Risk Komitəsi və hesabatlıq sistemidir. NEQSOL Holding və onun tərkibindəki şirkətlər risklərin idarə edilməsi istiqamətində məhz bu strategiyanı tətbiq edir.
• Risklərin idarə edilməsi siyasətinin belə fərqli sahələrdə tətbiqinin standartlara uyğun aparıldığına necə nəzarət edirsiniz?
Risklərinin idarə edilməsi sisteminin səmərəsinə və keyfiyyətinə nəzarəti holdinqdə və qrup şirkətlərdə qurulan Risk Komitələri həyata keçirir. Komitələrin tərkibində müvafiq sektorda uzunmüddətli beynəlxalq təcrübəyə malik yerli və xarici peşəkar rəhbərlərin olması risklərin idarə edilməsi sisteminin yüksək səviyyədə tətbiqini təmin edir. Mən də Risk Komitələrində holdinqi təmsil edən və səsvermə hüququna malik olan üzv kimi iştirak edirəm.
• Qlobal böhranlar müxtəlif biznes və sənayelər üçün əhəmiyyətli təsirlərə malik ola bilər. Son illərdə baş vermiş pandemiya, təbii fəlakətlər və ya geosiyasi hadisələr kimi qlobal böhranların risklərin idarə edilməsinə necə təsir etdiyini deyə bilərsiniz?
Böhranın idarə edilməsi böhrandan öncəki hazırlığın səviyyəsinə – preventiv həllərə, böhran zamanı zərərin minimuma endirilməsinə dair reaktiv fəaliyyətə və böhrandan çıxarılan nəticəyə əsaslanır. Baş verə biləcək böhrana hazırlığın ilk addımı məhz risklərin qiymətləndirilməsidir. Müəssisəyə təsir edəcək daxili və xarici amillərin, təhlükələrin və həssas məqamların müəyyənləşdirilməsi və təhlil edilməsi tələb olunur.
Bundan başqa, təbii fəlakət, böhran və ya fors-major hallarında təşkilatın kritik əməliyyatları saxlamaq və ya tez bir zamanda bərpa etmək üçün prosedurları və protokolları əks etdirən Biznes Davamlılığı Planı (Business Continuity Plan) olmalıdır. Onun tətbiqi adətən risklərin qiymətləndirilməsini, kritik funksiyaların müəyyən edilməsini, bərpa olunma strategiyalarının işlənib hazırlanmasını, kommunikasiya kanallarının yaradılmasını, işçilərin təlimləndirilməsini, planın müntəzəm sınaqdan keçirilməsini və yenilənməsini, müvafiq maraqlı tərəflər və tərəfdaşlarla əməkdaşlığı əhatə edir.
• Holdinqə daxil olan şirkətlərdə qərar vermə prosesində risklərin idarə edilməsi mədəniyyəti necə qurulub?
Risk mədəniyyəti istənilən təşkilatın risk idarəçiliyi haqqında düşünmə və yanaşma tərzini təmsil edir. Effektiv risk mədəniyyətini tətbiq etmək üçün şirkət rəhbərləri açıq ünsiyyəti, risk haqqında məlumatlılığı və hesabatlılığı təşviq etməli, əməkdaşları təlimlərlə təmin etməlidirlər. Risk mədəniyyətinin formalaşması və daimi inkişafı müəyyən zaman tələb etdiyi üçün rəhbərliyin dəstəyinin əməkdaşlara nümunə olması vacibdir.
NEQSOL Holding və tərkibindəki şirkətlər qərarların qəbul edilməsi prosesində “riskə əsaslanan yanaşma”dan istifadə edirlər. Strateji fəaliyyətlər zamanı müxtəlif risk dəyərləndirmə modellərinin təqdim etdiyi nəticələr qərar vermə prosesinə öz töhfəsini verir.
• Strateji fəaliyyət dedikdə nə nəzərdə tutulur?
Strateji fəaliyyətlər dedikdə, yeni investisiya layihələri, mövcud şirkətlərdə bizneslərin optimallaşdırılması və ya böyüməsi üçün ayrılan sərmayələr, həmçinin böyük miqyaslı layihələr nəzərdə tutulur. Holdinqdə müxtəlif sahələrdə geniş təcrübəyə malik peşəkar investisiya komandası var. Bu komanda ilə holdinq artıq 5 ölkədə 13 uğurlu investisiya layihəsinə imza atıb və daimi olaraq yeni imkanlar axtarılır.
Holdinqin investisiya siyasətinə uyğun olaraq, risklərinin idarə edilməsi və səhmdarın risk iştahasının lazımi səviyyədə yerinə yetirilməsi üçün müəyyən ölçülər, coğrafi və digər məhdudiyyətlər də müəyyən edilib.
• Yəqin ki, belə layihələrdə iştirak etməzdən əvvəl risklərin idarə edilməsi istiqamətində müəyyən təhlillər aparılır. Belə layihələrdə vacib nüanslar nədən ibarətdir? Bu sahədə təcrübənizi bölüşməyinizi, xahiş edirik.
Tamamilə doğrudur, çünki investisiya layihələrinin tranzaksiyaları maliyyə, hüquqi, əməliyyat və reputasiya risklərini ehtiva edir. İnvestisiya layihələrinə başlamazdan əvvəl bu sahədə xüsusi təcrübəyə sahib olan mütəxəssislərdən ibarət komanda araşdırma zamanı sektor və ölkə üçün spesifik riskləri müəyyən edir. Risklərin qiymətləndirilməsi prosesi daxili və xarici resursların iştirakı ilə həyata keçirilir və risklərin baş vermə ehtimalı, təsiri və aradan qaldırılmasına dair planlar müəyyən edilir.
• Ötən il “NEQSOL Holding Azərbaycan” risklərin idarə edilməsi sahəsində çox ciddi addıma imza atdı və bu sahə üzrə ISO sertifikatını əldə etdi.
Bu uğurumuzu ayrıca qeyd etdiyiniz üçün təşəkkür edirəm. Əldə edilmiş nailiyyət holdinq rəhbərliyinin effektiv korporativ idarəetmə siyasəti və davamlı dəstəyinin nəticəsidir. ISO sertifikatı üzrə müraciətimizin əsas məqsədi artıq formalaşmış sistemin beynəlxalq təcrübəyə malik mütəxəssislər tərəfindən dəyərləndirilməsi idi. Audit nəticəsində doğru istiqamətdə olduğumuzdan bir daha əmin olduq və təkmilləşmək, inkişaf etmək üçün planlar hazırladıq. Planların icrası və sistemdə olan yeniliklər illik əsasda kənar auditor tərəfindən dəyərləndiriləcək.
• Sertifikatın əldə edilməsi prosesi haqqında məlumat verməyinizi xahiş edirəm. Necə oldu ki, Azərbaycanda bu sahədə ilk addımı siz atdınız?
Sertifikatın əldə edilməsi bir neçə mərhələdən ibarət idi və ümumilikdə 6 ay davam etdi. Öncə normativ sənədlərin və istifadə edilən analitik modellərin metodologiyası yoxlanıldı. Daha sonra proseslərin və hesabatların təhlili aparıldı. Son mərhələdə isə holdinqin tərkibindəki şirkətlərdə müxtəlif vəzifələrdə işləyən rəhbər və sıravi əməkdaşlarla müsahibələr keçirildi, onların risk mədəniyyətinin səviyyəsi dəyərləndirildi.
• Bizdə olan məlumata görə, NEQSOL Holding 9 ölkədə 25 milyondan çox müştəriyə xidmət göstərir. Fərqli ölkələrdə risklərin idarə edilməsi hansı formada aparılır?
Şirkətlərdə risklərin idarə edilməsi sisteminin mərkəzləşdirilməmiş şəkildə tətbiq edilməsinə baxmayaraq, holdinqin Risk Komitəsi risk səviyyəsi yüksək olan bütün məsələlərin həllinə dəstək göstərir.
Bəzi ölkələrdə risklərin idarə edilməsi ilk növbədə hökumət və ya tənzimləyici orqanlar tərəfindən qanun və qaydaların tətbiqi ilə həyata keçirilir. Bəzilərində isə risklərin idarə edilməsi daha çox sənaye və özəl sektor təşkilatları tərəfindən idarə olunur. Bu zaman risklərin dəyərləndirilməsi sisteminin komponentləri dəyişməsə də, proseslərin miqyası, daxili və xarici amilləri, eləcə də risk növlərinin prioritetləri fərqlənir.
• Risklərin idarə edilməsi üzrə rəhbər kimi holdinq və onun şirkətləri daxilində risklərin idarə edilməsinin gələcəyi ilə bağlı baxışınız nədən ibarətdir? Biznesin inkişaf edən ehtiyac və çağırışlarına cavab vermək üçün risklərin idarə edilməsi təcrübələrini davamlı olaraq təkmilləşdirməyi və uyğunlaşdırmağı necə planlaşdırırsınız?
Risklərin idarə edilməsi sistemi tətbiq olunandan bəri illik əsasda holdinqin Risk Komitəsi tərəfindən dəyərləndirilir, təkmilləşdirilməsi və inkişafı istiqamətində tədbirlər planı müəyyən edilir.
Hazırda əsas məqsədlərimizdən biri risklərin idarə edilməsi prosesində texnologiya və avtomatlaşdırmanın rolunu inkişaf etdirməkdir. Risklərin idarə edilməsi sahəsində olan proseslərin rəqəmsallaşdırılması çox vacibdir. Rəqəmsallaşma böyük həcmdə məlumatları təhlil etməyə, nümunələri və tendensiyaları müəyyənləşdirməyə və gələcək risklər haqqında daha dəqiq proqnozlar verməyə imkan verə bilər. Rəqəmsallaşma, həmçinin şirkətlərə risklərin idarə edilməsinin monitorinq və hesabat vermə kimi bir çox aspektlərini avtomatlaşdırmağa, daha strateji fəaliyyətlər üçün resursları istiqamətləndirməyə imkan verəcək.
Bildiyiniz kimi, holdinq insan kapitalına daim investisiya edir və bu istiqamətdə ən uğurlu layihələrdən biri 10.000-dək əməkdaşı üçün 6 dildə fəaliyyət göstərən rəqəmsal öyrənmə platforması “NEQSOL Academy”dir. “NEQSOL Academy”də “Harvard Business School”, “MIT Sloan School”, “O’Reilly”, “SkillSoft”, “RBL Institute”, ADA Universiteti və digər təhsil müəssisələrinin proqramları var. Platformada “Risk Menecment” sahəsinə dair yüzlərlə faydalı təlim və material var və bizim əməkdaşlar bunlardan maksimum dərəcədə faydalanırlar.
• Bəs rəqəmsallaşmanın mənfi təsirləri haqqında nə düşünürsünüz?
Maraqlı mövzulardan biri rəqəmsallaşmanın şirkətlər üçün yaratdığı potensial yeni risklərdir. Məsələn, rəqəmsal alətlərə artan etibar kiber təhdidlər və məlumatların sızması kimi yeni təhdidlər yarada bilər. Bundan əlavə, texnoloji dəyişikliyin sürətli tempi o deməkdir ki, risk menecerləri yaranan riskləri qabaqlamaq üçün daima uyğunlaşmalı və strategiyalarını yeniləməlidirlər. Ümumiyyətlə, idarə olunmayan istənilən texnologiya risklər yarada bilər.
Bu çətinliklərə baxmayaraq, inkişaf etmiş ölkələrin şirkətləri risklərin idarə edilməsi imkanlarını təkmilləşdirmək üçün ən son texnologiyalardan istifadə etməyə çalışırlar, çünki rəqəmsallaşma gələcək illərdə də risklərin idarə edilməsini transformasiya etməyə davam edəcək. Rəqəmsallaşmanı mənimsəmək və onun risklərini idarə etmək üçün şirkətlər strategiyalar hazırlamaqla rəqabət üstünlüyü əldə edə və sürətlə inkişaf edən risk mənzərəsindən özlərini daha yaxşı qoruya bilərlər.