2 C
Baku
Saturday, December 14, 2024

NEQSOL Holding Qarabağa 200 milyon manatadək sərmayə yatıracaq

®NEQSOL Holding Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması və inkişafı üçün sərmayə planlarını açıqlayıb.

“NEQSOL Holding bölgənin bərpası və inkişafı üçün ümumilikdə 200 milyon manatadək sərmayə yatırmağı planlaşdırır. Layihələr regionun inkişafı, yaşıl enerji təminatı, eləcə də iqtisadi və sosial həyatın canlandırılması, yerli əhali üçün iş yerlərinin və təhsil imkanlarının yaradılması istiqamətlərində Azərbaycan dövlətinin apardığı genişmiqyaslı işlərə və bu xüsusda Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması və inkişafı səylərinə dəstək məqsədi daşıyacaq. Təklif olunan sərmayə planı holdinqin səhmdarı tərəfindən artıq təsdiq edilib” Holdinqin Baş Direktoru Yusif Cabbarov bildirib.

“Azərbaycanda mövcud pozitiv iqtisadi dinamika, yaradılmış münbit biznes şəraiti, azad edilmiş ərazilərdə sərmayə yatırmaq üçün özəl biznesə təqdim edilən imkanlar və göstərilən dəstəyi yüksək qiymətləndirir və xüsusilə Azərbaycan dövlətinin başçısı tərəfindən özəl sektorun işğaldan azad edilmiş ərazilərə sərmayəçi qismində dəvət edilməsinə görə dərin təşəkkürümüzü ifadə edirik. Hesab edirik ki, dövlət tərəfindən regionun infrastrukturunun bərpası və keçmiş məcburi köçkünlərin qısa zamanda qayıdışı üçün mühüm işlər həyata keçirilir. Biz də özəl sektoru təmsil edən holdinq olaraq dövlətin bu istiqamətdə olan fəaliyyətini dəstəkləyərək regionun iqtisadi inkişafına töhfə vermək əzmindəyik. Biz regionun inkişafına dəstək olmaq missiyasını özümüzə mənəvi borc kimi görürük, tərəfdaşlarımızı və digər maraqlı tərəfləri bu məqsəd ətrafında səylərini birləşdirməyə və əməkdaşlığa dəvət edirik,” Yusif Cabbarov əlavə edib.

NEQSOL Holding və tərkibindəki şirkətlərin sərmayə planlarına informasiya texnologiyaları təmayüllü məktəbin inşası, Cəbrayıl rayonunda günəş elektrik stansiyasının inşası, telekommunikasiya infrastrukturunun bərpası və inkişafı və regionun füsunkar təbiətinə qayğı ilə yanaşan ekoloji cəhətdən məqbul bir sıra digər layihələr də daxil olacaq. Bu layihələr Azərbaycanda “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə uyğun dayanıqlı inkişaf məqsədlərini də dəstəkləyəcək.

NEQSOL Holding-in tərkibində olan “Nobel Energy” Cəbrayıl rayonunda günəş elektrik stansiyasının inşasını planlaşdırır. Layihə regionun yaşıl enerji zonasına çevrilməsi məqsədlərinə də xidmət edəcək. Ümumi gücü 100 meqavat olan layihənin icrası nəticəsində ildə 180 milyon kilovat-saat enerji istehsalı nəzərdə tutulur, bu isə orta hesabla 58.000-ə yaxın evi elektrik enerjisi ilə təmin edəcək. Stansiyanın tikintisi zamanı 600 nəfərin, istismara verildikdən sonra isə 80 nəfərin işlə təmin edilməsi planlaşdırılır.

Holdinqin tərkibindəki “Bakcell” və “Azerconnect” şirkətləri regionda müxtəlif layihələr həyata keçirir. “Bakcell” regionda 120-dən çox baza stansiyası, 3 xidmət mərkəzi və 1 mağaza istifadəyə verib, müasir səs texnologiyası olan VoLTE xidmətini müştərilərə təqdim edib. “Bakcell” regionda xidmət mərkəzlərinin sayını 10-a çatdırmağı planlaşdırır. “Azerconnect” telekommunikasiya infrastrukturunun yaradılması və inkişafına sərmayələrini daha da artıracaq, eləcə də bu işlər sayəsində regionda əlavə 100-dək daimi iş yeri yaradacaq.

NEQSOL Holding keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması üçün korporativ sosial məsuliyyət layihələri də həyata keçirir. Holdinq və şirkətləri bu istiqamətdə təhsil, səhiyyə, sosial rifah, ətraf mühitin qorunması və sair sosial və ianə layihələrinə son illərdə 10 milyon manat yönəldib və bu işləri davam etdirəcək.

Gənclərin regiona qayıdışına əlavə dəstək, onlar üçün innovativ sahələrdə iş yerlərinin yaradılması və yeni startap layihələrinin həyata keçirilməsi üçün NEQSOL Holding regionda informasiya texnologiyaları (İT) təmayüllü məktəb və innovasiyalar mərkəzi yaratmağı planlaşdırır. Gənclər İT təmayüllü məktəbdə təhsil ala, innovasiyalar mərkəzində isə startap layihələrini həyata keçirə biləcəklər, bu isə sərmayə qoyulacaq yeni sahələrin və iş yerlərinin yaradılması baxımından vacibdir.

Layihələrin müvafiq qaydada tənzimləyici dövlət qurumları ilə razılaşdırdıqdan sonra icrasına başlanılacaq.

NEQSOL Holding beynəlxalq şirkətlər qrupu 11 ölkədə telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər