NEQSOL Holding Ukraynanın Antimonopoliya Komitəsindən (UAK) “Birləşmiş Dağ-Metallurgiya Şirkəti”nin (“BDMŞ” SC) səhmlərinin nəzarət paketinin əldə olunmasına dair rəsmi razılıq alıb. Dünyanın aparıcı titan və nadir torpaq metalları istehsalçılarından biri olan “BDMŞ” SC titan konsentrati istehsalına görə Avropada birinci yeri tutur. Sövdələşmə NEQSOL Holding-ə məxsus olan CEMIN Ukraine MMC törəmə şirkəti vasitəsilə həyata keçiriləcək.
Bu razılığın əldə olunması Ukraynada ən böyük özəlləşdirmə proseslərindən birinin yekun mərhələyə çatdırılmasına gətirib çıxaracaq. Müqaviləyə əsasən, “BDMŞ” SC-nin səhmlərinin birbaşa alınması ilə CEMIN Ukraine MMC şirkət üzərində tam nəzarət əldə edəcək.
NEQSOL Holding özəlləşdirmə prosesindən irəli gələn bütün öhdəliklərin tam şəkildə icrasına hazır olduğunu bildirir və “BDMŞ” SC-ni müasir, səmərəli və qlobal titan bazarında rəqabətədavamlı bir şirkətə çevirməyi qarşısına məqsəd qoyur.
“Birləşmiş Dağ-Metallurgiya Şirkəti”nin böyük potensialı mövcuddur və bu potensialı bizə Ukraynanın iqtisadi dirçəlişinə töhfə vermək imkanı yaradır. Hazırda bizim əsas prioritetimiz müvafiq bilik, texnologiya və idarəetmə təcrübəsi tətbiq etməklə, bu şirkəti qlobal səviyyədə güclü və rəqabətədavamlı müəssisəyə çevirməkdir”, – deyə NEQSOL Holding-in Sədri Yusif Cabbarov bildirib.
Şirkətdə geniş miqyasda modernizasiya işlərinin aparılması üçün NEQSOL Holding artıq bu sahədə ixtisaslaşmış qabaqcıl şirkətlərlə və müxtəlif ekspertlərlə əməkdaşlığa başlayıb. Əsas istiqamətlər yüksək əlavə dəyərə malik olan məhsulların işlənib hazırlanmasını, xammalın dərin emalını və əsas beynəlxalq bazarlara çıxışın təmin edilməsini əhatə edir.
NEQSOL Holding haqqında:
NEQSOL Holding telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar sahəsində 11 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.