İsrailin Baş naziri Benyamin Netanyahu Misirə təbii qaz ixracını nəzərdə tutan, ümumi dəyəri 35 milyard dollar olan sazişin təsdiqləndiyini elan edib. “The Times of Israel” onun sözlərinə istinadən xəbər verir ki, bu məbləğin təxminən 18 milyard dolları dövlət büdcəsinə daxil olacaq. Hakimiyyət orqanları bildiriblər ki, vəsaitlər təhsil, səhiyyə, infrastruktur və təhlükəsizlik sahələrinə yönəldiləcək.
“Bu saziş İsrailin regional enerji supergücü kimi mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirir və regional sabitliyə töhfə verir”, — deyə İsrailin Baş naziri bildirib.
Netanyahu vurğulayıb ki, daha əvvəl dayandırılmış bu sazişi yalnız onun milli maraqlara, o cümlədən təhlükəsizlik məsələlərinə uyğunluğu yoxlanıldıqdan sonra təsdiqləyib. İsrailin energetika naziri Eli Koen isə bu müqaviləni ölkə tarixində ən böyük ixrac sazişi adlandırıb.







