“Netflix” aktiv olmayan hesabların abunəliyini ləğv etməyə başlayacaq

Bir ildən çox “Netflix” xidmətindən istifadə etməyən abunəçilər abunəliyin ləğv edilməsi barədə bildiriş almağa başlayacaqlar.

Banker.az xəbər verir ki,bu barədə “TechCrunch” məlumat verib.

“Biz istəmirik ki, insanlar istifadə etmədikləri bir şeyə görə pul ödəsinlər”, – şirkət bildirir. Qeyd edildiyi kimi, “Netflix” söndürülmüş hesabların məlumatlarını 10 ay ərzində yadda saxlayacaq və istifadəçi xidmətə yenidən qoşulduğu təqdirdə onlar bərpa ediləcək.

Şirkətin verdiyi məlumata görə, “Netflix”də aktiv olmayan hesabların sayı bir neçə yüz min və ya 0,5% təşkil edir. Xatırladaq ki, 2020-ci il 31 mart tarixində axın xidmətinin 182 milyondan çox pullu abunəçisi olub.

“Ümid edirik ki, bu yanaşmamız istifadəçilərə əziyyət ilə qazandıqları pulu qənaət etməyə kömək edəcək”, – “Netflix” in innovasiyalar üzrə direktor Eddi Vu söyləyir.