“Netflix”in rüblük gəliri 15% artaraq 9.8 milyard dollara çatıb ki, bu da rekord olub. Banker.az xəbər verir ki, striminq xidmətinin xalis mənfəət 41% artaraq 2.4 milyard dollar təşkil edib.
Məlumata görə, “Netflix”in ödənişli abunəçilərinin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14% artaraq, demək olar ki, 283 milyon nəfərə çatıb ki, bu da analitiklərin proqnozunu üstələyir.
Şirkət həmçinin bildirib ki, 2024-cü il üçün gəlirin 15% artacağını gözləyir. Hesabatın dərcindən sonra “Netflix” səhmləri birjadankənar ticarətdə 5.5% bahalaşıb. Ümumilikdə, ilin əvvəlindən səhmlər 46% artıb.
“Netflix” gələcəkdə reklam və oyun layihələrinə daha çox sərmayə qoymağı planlaşdırdığını bildirib. Qeyd edək ki, bu il xidmət bir sıra regionlarda, o cümlədən Yaponiyada, həmçinin Avropa və Yaxın Şərqin bir sıra ölkələrində abunə qiymətlərini artırıb.