“Netflix” striminq xidmətinin səhmləri aprelin 17-də “Nasdaq” birjasında premarket ticarəti zamanı 10,4% düşərək minimum 96,62 dollara enib. Ticarət məlumatlarına görə, aprelin 16-da əsas sessiyanın bağlanışı zamanı səhmlər 107,8 dollar səviyyəsində olub.
Aprelin 16-da “Netflix” 2026-cı ilin birinci rübü üzrə maliyyə hesabatını açıqlayıb. “Bloomberg” yazır ki, investorları ikinci rüb üçün proqnozun gözləntilərdən zəif olması məyus edib. Bundan əlavə, şirkət həmtəsisçi Rid Hestinqsin iyunda səlahiyyət müddəti başa çatdıqdan sonra direktorlar şurasının sədri vəzifəsindən gedəcəyini elan edib. Netflix-də 29 il çalışmış Hestinqs xeyriyyəçilik və şəxsi layihələrə fokuslanmağı planlaşdırır.
Birinci rübdə “Netflix”in gəlirləri illik müqayisədə 16% artaraq 12,25 milyard dollara çatıb. Xalis mənfəət isə demək olar ki, iki dəfə artaraq 5,28 milyard dollara və ya səhm başına 1,23 dollara yüksəlib. Şirkət bunu gözləniləndən yüksək əməliyyat mənfəəti və “Warner Bros. Discovery” ilə baş tutmayan razılaşmaya görə alınan 2,8 milyard dollarlıq kompensasiya ilə əlaqələndirib. LSEG-in sorğusunda iştirak edən analitiklər gəlirin 12,18 milyard dollar olacağını proqnozlaşdırmışdılar, CNBC qeyd edir.
İkinci rübdə “Netflix” səhm başına mənfəətin 0,78 dollar olacağını gözləyir. “Bloomberg”ə görə, Uoll-Strit analitikləri 0,84 dollar proqnozlaşdırırdılar. Rüblük gəlir proqnozu da zəif olub: “Netflix” 12,57 milyard dollar gəlir gözləyir, halbuki analitiklərin gözləntisi 12,64 milyard dollar idi. Şirkət illik gəlir proqnozunu 50,7–51,7 milyard dollar səviyyəsində saxlayıb, lakin investorlar bunun artırılacağını gözləyirdilər.
CNBC yazır ki, “Warner Bros. Discovery” ilə razılaşmadan imtina edilməsinə baxmayaraq, bunun şirkətin maliyyəsinə təsiri qalacaq. “Netflix”in maliyyə direktoru Spenser Noyman bildirib ki, planlaşdırılan bəzi gəlirlər tam reallaşmayacaq, lakin 2027-ci ilə nəzərdə tutulan bəzi xərclər 2026-cı ilə keçiriləcək. Ümumilikdə, “Netflix” birləşmə və satınalma (M&A) üzrə xərcləri proqnozlaşdırılan səviyyədə saxlamağı planlaşdırır.






