19 C
Baku
Friday, October 31, 2025

“Netflix” səhmlərinin 10:1 nisbətində bölünməsini (split) elan edib

Dünyanın ən populyar striminq xidməti olan “Netflix” səhmlərinin 10:1 nisbətində bölünməsini (split) elan edib. Bu addım S&P 500 indeksinə daxil olan və bir səhm üçün qiyməti 1000 dollardan yuxarı olan səhməri pərakəndə investorlar üçün daha əlçatan etməyə yönəlib.

Bildirilir ki, şirkətin bütün səhmdarları 14 noyabrda hər bir səhm üçün 9 əlavə səhm alacaqlar. Yeni qiymətlərlə ticarət isə 17 noyabrda başlayacaq.

Spiltin elanından sonra “Netflix” səhmləri 2% bahalaşsa da, ticarətin sonunda 1089 dollar səviyyəsində (–1,04%) bağlanıb, daha sonra isə 3,35% artaraq 1125 dollara yüksəlib.

Səhm bölünməsi zamanı hər bir səhmdar daha çox sayda səhm əldə edir, lakin onların ümumi dəyəri dəyişmir. Şirkətin əsas maliyyə göstəriciləri eyni qalır. “Netflix” bundan əvvəl 2015 və 2004-cü illərdə də səhm bölgüsünü həyata keçirmişdi.

Səhm bölgüsünə adətən səhmlərinin qiyməti qısa müddətdə bir neçə dəfə bahalaşan şirkətlər müraciət edirlər. Məsələn, 2020-ci ilin avqustunda “Apple” və “Tesla” müvafiq olaraq 4:1 və 5:1 nisbətində spilt keçirmişdilər, nəticədə “Apple”in səhm qiyməti 500 dollardan 125 dollara, “Tesla”nın isə 2400 dollardan 480 dollara düşmüşdü. “Nvidia” isə 2021-ci ilin yayında 4:1 nisbətində səhm bölgüsünü aparmışdı – şirkətin səhm qiyməti 760 dollardan 190 dollara enmişdi.

ABŞ-nin ən bahalı səhməri hələ də əfsanəvi investor Uorren Baffetə məxsus “Berkshire Hathaway” şirkətinə aiddir — onların dəyəri 717 000 dollardır. Qeyd edək ki, şirkətin səhmləri heç vaxt bölünməyib. Kütləvi investorlar üçün şirkət B sinfi səhmərini təklif edir — onların qiyməti təxminən 478 dollar təşkil edir.

Son xəbərlər
Digər xəbərlər