“Netflix” “Warner Bros. Discovery” şirkətinin studiya və striminq aktivlərini 82,7 milyard dollar məbləğində tam nağd ödəniş əsasında əldə edəcək. Bu barədə servisin mətbuat xidməti məlumat yayıb. Yekun sazişə edilən dəyişikliklərə əsasən, sövdələşmə artıq tam nağd formada həyata keçiriləcək və ümumi məbləğ dəyişməyəcək.
Yenilənmiş razılaşma sövdələşmənin strukturunu sadələşdirir, “Warner Bros.” səhmdarları üçün dəyər baxımından daha çox aydınlıq yaradır və onların səsvermə prosesini sürətləndirir.
“Netflix”in yeni təklifi hər səhm üçün 27,75 dollar təşkil edir və əvvəlki — 23,25 dollar nağd və 4,50 dollar dəyərində “Netflix” səhmləri nəzərdə tutan təklifi əvəzləyir.
“Warner Bros.”un direktorlar şurası “Netflix”in səhm başına 27,75 dollar məbləğində nağd alış təklifini artıq yekdilliklə təsdiqləyib. “Netflix”lə sövdələşmə üzrə səsvermə üçün “Warner Bros.” səhmdarlarının xüsusi yığıncağı aprelin əvvəllərinə yaxın keçiriləcək.
Bundan əvvəl “WBD”nin direktorlar şurası “Paramount” şirkətinin 108 milyard dollar dəyərində satınalma təklifini rədd etmişdi.
Lakin “Harris Oakmark” fondunun portfel meneceri və “Warner Bros.”un beşinci ən böyük investorlarından biri olan “Alex Fitch” hesab edir ki, “Netflix” və “Paramount” arasında şirkət uğrunda mübarizə hələ başa çatmayıb.
Oktyabr ayından şirkətin səhmləri təxminən dörddə bir dəyər itirib. Yanvarın 20-də səhmlər Nyu-Yorkda 87,26 dollar səviyyəsində ticarət olunub. Yanvarın 21-də premarketdə “Netflix” səhmləri 5,43% azalaraq 82,40 dollara düşüb, “Warner Bros.” səhmləri 0,5% artıb, “Paramount” səhmləri isə 2,12% ucuzlaşıb.
2025-ci ilin oktyabrında “Warner Bros. Discovery” aktivlərini rəsmi şəkildə satışa çıxarıb və bir neçə potensial alıcının olduğunu açıqlayıb. Lakin “Reuters” və “Bloomberg”in məlumatına görə, “Warner Bros.” bu təklifi 108 milyard dollar qiymətinə görə rədd edib.






