Böyük Britaniyanın “Suros Capital” şirkəti NFT-tokenlərin girovu ilə kredit verməyə başlayıb.
Qeyd edək ki, indiyədək dünyada bunu heç kim etməyib.
“Suros Capital” müştərilərə sənət əsərləri, zinət əşyaları, kolleksiya şərablar, saat, eləcə də klassik və lüks avtomobil girovu ilə qısamüddətli kreditlər verir. İndi isə şirkət bu siyahıya son aylarda populyarlaşan NFT-ni də əlavə etməyə qərar verib.
“Non Fungible Token” (NFT) hərfi mənada “bir-birini əvəzləməyən tokenlər” deməkdir. Əslində bunlar klassik valyutalarda olduğu kimi dəyişdirilə bilməyən aktivlərdir. NFT-token – blokçeyndə saxlanılan, əşyanın orijinallığını təmin edən və müstəsna hüquqlar verən unikal rəqəmsal sertifikatdır. Bu əşya foto, video, audio, rəqəmsal incəsənət əsəri, paylaşım və s. ola bilər.
“Suros Capital” girov olaraq aldığı lüks əşyaları xüsusi kassalarda saxlayır. NFT-tokenləri saxlamaq üçün şirkət “Suros Capital Ethereum Wallet” cüzdanını yaradıb.
İlkin mərhələdə şirkət bütün NFT-ləri deyil, yalnız hərraclarda satılanları qəbul edəcək. NFT girovu ilə “Suros Capital” 20 mindən 2 milyon funt sterlinqə (27 800 dollardan 2.79 milyon dollara qədər) qədər kredit verməyə hazır olduğunu qeyd edir.
Hərraclarda satılan aktivlər
Mart ayında “Christie’s” amerikalı rəssam “Beeple”nin (Mayk Vinkelman) rəqəmsal rəsmini rekord 69.3 milyon dollara satıb. 5000 rəsmdən ibarət olan bu əsər 14 günə çəkilib.
“Twitter”in CEO-su Cek Dorsi ilk “tvitini” 2.915 milyon dollara satıb. Əməliyyatdan sonra bu “tvit” yenə sosial şəbəkədə qalıb.
Kanadalı sənətçi Krista Kim evin rəqəmsal modelini NFT-tokeni şəklində satan ilk insan olub. Alıcı ona 288 vahid “Etherium” kriptovalyutası (500 min dollardan çox) ödəyib.
Aprel ayında ABŞ-ın keçmiş kəşfiyyat zabiti Edvard Snouden NFT-tokeni şəklində öz portretini satıb. Naməlum şəxs kriptoşəkil üçün təxminən 5.4 milyon dollar ödəyib.
2021-ci ilin NFT-sövdələşmələrin digər nümunələri:
Blokçeyn şirkət Benksinin rəsmini 95 min dollara alaraq onu canlı yayımda yandırıb.
2020-ci ildə “Tesla” və “SpaceX”in rəhbəri İlon Maskdan uşaq dünyaya gətirən müğənni Qrayms (Grimes) öz NFT-tokenləri kolleksiyasını buraxıb. Cəmi 20 dəqiqə ərzində milyarderin rəfiqəsi 5.8 milyon dollar qazanmağı bacarıb.
Amerikalı rəssam Mika Conson bir neçə əsərini sataraq 2 milyon dollar qazanıb.
Rus rəssam Pokras Lampas (Arseni Pıjenkov) kriptohərracda fotoşəkili 28 min dollara satıb.