Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Niderland Krallığının Şimali-Brabant əyalətində, Polşa Respublikasının Podkarpatsk inzibati ərazisində və Bolqarıstan Respublikasının Dobriç vilayətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Banker.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Niderland Krallığının Şimali-Brabant əyalətindən, Polşa Respublikasının Podkarpatsk inzibati ərazisindən və Bolqarıstan Respublikasının Dobriç vilayətindən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan Respublikasının ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Niderland Krallığından, Polşa və Bolqarıstan respublikalarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.