Niderlandın Ukraynaya göstərdiyi hərbi yardımın ümumi həcmi təqribən 1 milyard avroya çatıb.
Bu barədə krallığın müdafiə naziri Kaysa Ollonqren parlamentə ünvanladığı məktubda bildirib.
Onun sözlərinə görə, bilavasitə çatdırılan hərbi məhsulların alış qiyməti nəzərə alınmaqla göstərilən hərbi yardımın ümumi məbləği hazırda 987 milyon avro təşkil edir. “Verilmiş hərbi məhsulların balans dəyəri 404,5 milyon avroya bərabərdir, lakin oxşar məhsulların alınması hazırda Niderlanda 697 milyon avroya başa gələcək”, – nazir söyləyib.
Niderland, həmçinin Ukrayna üçün Çexiyadan “T-72” tanklarının alınması üçün 120 milyon avro, digər kommersiya xarakterli hərbi məhsulların alınması üçün isə daha 45 milyon avro ayırıb. Bundan əlavə, Niderland Ukrayna üçün beynəlxalq fonda 100 milyon avro, NATO vasitəsilə isə 25 milyon avro ödəyib.