11 C
Baku
Wednesday, December 11, 2024

Niderland və Latviya anbarlardakı qazdan istifadə etməyə başlayıb

Avropada küləyin gücü və külək turbinlərindən elektrik enerjisi istehsalı durmadan azalmağa davam edir. Regionda havalar kifayət qədər isti keçsə də, gecələr temperatur xeyli aşağı enir. Bu səbəbdən Latviya və Niderland anbarlardakı qazdan istifadə etməyə başlayıb.

Yaxın on gün ərzində regionda alternativ enerji üçün əlverişsiz olan durğun hava şəraiti proqnozlaşdırılır. “WindEurope” assosiasiyasının məlumatlarına görə, oktyabrın 12-də külək turbinləri Avropa İttifaqının enerji balansının yalnız 9 faizini təmin edib. Oktyabrın 10-u və 11-də bu göstərici müvafiq olaraq 17.8 faiz və 11 faiz idi.

İsti hava şəraiti fonunda Niderlandın TTF habında qazın min kubmetrinin qiyməti ötən həftə 855 dollara qədər ucuzlaşsa da, oktyabrın 13-də yenidən bahalaşaraq 1025 dollara yüksəlib. Lakin bu, yalnız qısamüddətli cari tədarüklərə aiddir. Belə ki, oktyabr ayı üçün fyuçerslər artıq 1605 dollara, fevral ayı üçün isə 1795 dollara qalxıb. Asiyada ən bahalı fevral fyuçersləri 1400 dollar səviyyəsindədir.

“Gas Infrastructure Europe” assosiasiyasının məlumatına əsasən, hazırda Avropanın yeraltı anbarlarında qaz ehtiyatları orta hesabla 91.56 faizə çatıb. Son hesabat sutkası (11 oktyabr) ərzində artım 0.2 faiz təşkil edib.

Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Xorvatiya, Danimarka, Fransa, Almaniya, İtaliya, Niderland, Polşa, Portuqaliya və İspaniyanın anbarlarında qazın həcmi nəzərdə tutulan 80 faiz səviyyəsini keçib. Avropa İttifaqında qaz ehtiyatının ən aşağı olduğu Latviyadakı “Incukalns” anbarında isə mavi yanacağın həcmi 54 faizdir. Bu anbar, eyni zamanda, Latviya, Litva, Estoniya və Finlandiyanın qazla təchizatını həyata keçirir.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər