25 oktyabrda Nigeriya prezidenti Məhəmməd Buhari rəsmi olaraq ölkənin “eNaira” rəqəmsal valyutasını təqdim edəcək.
Banker.az xəbər verir ki, bu barədə Afrikadakı ən böyük dövlətin Mərkəzi Bankı məlumat verib. Tənzimləyicinin sözlərinə görə, yeni pul aləti ölkənin bütün vətəndaşları, o cümlədən kənd sakinləri üçün maliyyə əməliyyatlarını sadələşdirməyə kömək edəcək.
Nigeriya Mərkəzi Bankı bir neçə ildir ki, rəqəmsal valyutanın tətbiq olunma ehtimalını araşdırdığını vurğulayıb. Tənzimləyici hətta bank hesabı olmayan insanlar üçün də rəqəmsal valyutanı əlçatan etmək məqsədilə nayranın inkişafında tərəfdaşlarla işləməyə davam edəcək.
Daha əvvəl Rusiya Mərkəzi Bankı ölkədə rəqəmsal rublun tətbiqi barədə məlumat yayıb. İyun ayında məlum olub ki, tənzimləyici yeni ödəniş vasitəsini sınaqdan keçirmək üçün 12 bank seçib.
Xatırladaq ki, iyun ayında İsrail “Ethereum” blokçeyn texnologiyasına əsaslanan milli kriptovalyutanın sınağını keçirib. İyul ayında Avropa Mərkəzi Bankı rəqəmsal avronu buraxmaq üçün heç bir maneə olmadığını açıqlayıb.
Çin rəqəmsal valyutanın tətbiqində bütün digər ölkələrdən daha irəlidədir. O, rəqəmsal yuanı dövriyyəyə artıq buraxıb və hətta sınaq üçün yerli sakinlərə və turistlərə 10 milyon yuan (təxminən 1.55 milyon dollar) paylayıb.