Bir çox hallarda, ailə qurmaq istəyən tərəf digər tərəfin “mənimlə evlənmədən öncə boşanmağı düşünür” fikirləşməsindən çəkinərək, nikah müqaviləsi bağlamağı təklif etmir. Lakin nikah müqaviləsi cütlüyün bir-birini az və ya çox sevməsinin göstəricisi deyil. Hətta çox vaxt vaxtında bağlanmış nikah müqaviləsi gələcəkdə yarana biləcək əmlak mübahisələrini minimuma endirir. Bu baxımdan, nikah müqaviləsi və onun mahiyyəti haqda 9 ən vacib məqamı Sizinlə paylaşmaq istərdik. Beləliklə,
- Nikah müqaviləsi ər və arvadın yalnız əmlak hüquqlarını və vəzifələrini tənzimləyir.
Nikah müqaviləsi ər və arvad arasında bağlanılan sazişdir və ailə həyatının və ondan sonrakı dövrün yalnız əmlak aspektini əhatə edir. Bir sözlə, qanuna görə, nikah dövründə əldə olunan əmlak ər və arvadın ümumi mülkiyyəti hesab edilir, lakin nikah müqaviləsində tərəflər başqa qaydanı nəzərdə tuta bilər.
- Şəxsi, qeyri-əmlak məsələləri nikah müqaviləsində qeyd edilə bilməz.
Məsələn, arvadın ailə qurduqdan sonra işləməməsini, yalnız uşaqların tərbiyəsi ilə məşğul olmasını, ərin axşam 6-dan sonra evə gəlməsini, xəyanətin qadağan olunmasını və s. bu kimi şəxsi ailə məqamları nikah müqaviləsində qeyd etmək olmaz. Bununla belə, həyat yoldaşınızın Sizə xəyanət edəcəyi təqdirdə, mənəvi təzminatın miqdarını nikah müqaviləsində qeyd etmək lap yerinə düşərdi.
- Hər bir tərəfin ailədə çəkəcəyi xərcləri nikah müqaviləsində qeyd etmək olar.
Nikah müqaviləsində ər və arvadın konkret hansı xərcləri qarşılayacağını müəyyən etmək olar. Misal üçün, ərin kommunal və təsərrüfat işləri, arvadın isə övladların təhsili ilə bağlı xərclərini öz öhdəsinə götürməsini müqavilədə göstərmək yaxşı olardı.
- Nikah müqaviləsi ər-arvadın hazırda mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər.
Nikah müqaviləsi bağlayarkən Siz həm indi sahib olduğunuz həm də gələcəkdə əldə edəcəyiniz əmlaka münasibətdə bir sıra vacib müddəaları müəyyən edə bilərsiniz.
- Nikah müqaviləsi notarial qaydada təsdiqlənir.
Evdə çay içərkən nikah müqaviləsinin şərtlərini müzakirə etmək hətta həmin şərtləri kağıza yazmaq yaxşı fikirdir, lakin bu halda tərtib etdiyiniz müqaviləni notariusda təsdiq etməyi unutmayın. Bunun üçün isə istənilən notariat orqanına yaxınlaşa bilərsiniz. Əks halda, müqavilənizin heç bir hüquqi qüvvəsi olmayacaq.
- Nikah müqaviləsi nikahın istənilən dövründə də bağlana bilər.
Çox vaxt tərəflər ailə qurarkən nikah müqaviləsi bağlamır, lakin bir müddətdən sonra tərəflərin birinin maddi vəziyyətinin xeyli yaxşılaşması, gəlirlərinin artması, yeni əmlak əldə etməsi nikah müqaviləsinin bağlanması məsələsini gündəmə gətirir. Evləndiyinizdən 10 il ötsə belə, nikah qüvvədə olduğu dövrdə istənilən zaman nikah müqaviləsi bağlaya bilərsiniz.
- Nikah müqaviləsi nikaha qədər istənilən vaxt bağlana bilər lakin onun qüvvəyə minməsi nikah bağlandıqdan sonra başlayır.
Əgər kişi ilə qadın nikahdan öncə nikah müqaviləsinin şərtlərini razılaşdırıblarsa və hətta notarial qaydada təsdiq etdiriblərsə, lakin hər –hansı səbəbdən nikaha daxil ola bilməyiblərsə, o zaman nikah müqaviləsi öz hüquqi qüvvəsini almamışdır.
- Bağlanmış nikah müqaviləsinə istənilən zaman dəyişikliklər və əlavələr etmək mümkündür.
Evlilik dövründə nikah müqaviləsinə yeni şərtlər daxil edə, mövcud şərtləri isə dəyişdirmək mümkündür. Lakin unutmayın ki, edilən dəyişikliklər və əlavələr də notarial qaydada təsdiq edilməlidir.
- Nikah müqaviləsinə nə zaman xitam verilir?
Nikah pozularsa, nikah müqaviləsinə də xitam verilir. Lakin əgər nikan müqaviləsində nikah pozulmasından sonrakı dövr ilə bağlı məsələlər əks edilirsə, həmin müddəalar öz qüvvəsini saxlayır.
Müəllif: Vəkil Əkbərova Leyla