ABŞ-nin idman malları və geyim istehsalçısı “Nike” noyabrın 30-da başa çatan ikinci rüb üzrə maliyyə hesabatını açıqlayıb. Şirkətin gəlirləri 1% artaraq 12,4 milyard dollara çatıb, xalis mənfəət isə 32% azalaraq 792 milyon dollar təşkil edib. Hesabatın dərcindən sonra “Nike”ın səhmləri 10,6% ucuzlaşıb.
İnvestorlar və analitikləri xüsusilə Çində satışların 17% azalması narahat edib. Ümumilikdə isə “Nike”ın ÇXR-də satışları ardıcıl altıncı rübdür ki, azalır. “Morningstar” şirkətinin analitiki Devid Şvarts bildirib ki, “Çində satışların bu qədər zəif qalması narahatlıq doğurur”. Bundan əlavə, ABŞ Prezidenti Donald Tramp tərəfindən tətbiq edilən idxal rüsumları da “Nike”ın göstəricilərinə mənfi təsir göstərib.
“Nike” artıq bir neçə ildir böhran vəziyyətindədir və ötən ilin sonunda bu, rəhbərliyin dəyişdirilməsinə gətirib çıxarıb. “Nike”ın baş icraçı direktoru Elliot Hill ikinci rübün nəticələrini təqdim edərkən bildirib ki, şirkət biznesin bərpası mərhələsindədir və hazırkı nəticələr hələ onun real potensialından xeyli uzaqdır.







