Reebok-un “ata-anası” olan J.W.Foster Company şirkətinin yaradılması, qaçış idman ayaqqabılarının istehsalı
1895-ci ildə ingilis sahibkar Cozef Uilyam Foster Bolton şəhərindəki Primrose Harriers qaçış klubuna qatıldı. Daha sürətli qaçmaq üçün Foster özünə bir cüt buts düzəltdi: o, ayaqqabıların altına mismarlar yapışdırdı.
Beləliklə, Foster kiçik ayaqqabı istehsalı biznesinə başladı, 1900-cü ildə isə J.W. Foster şirkətini açdı. O, idmançılar üçün sifarişlə qaçış ayaqqabıları hazırlamaqla məşğul idi.
1904-cü ildə Alfred Şrabb şirkətin qaçış ayaqqabılarında yarışlarda üç dünya rekordu qırdı. Bundan sonra ölkənin hər yerindən idmançılar ayaqqabıları ancaq Forestin mağazasından almağa başladı.
1906-cı ildə sahibkarın iki oğlu oldu. Qurucu şirkətin adını J.W. Foster & Sons olaraq dəyişdi. Forestin ideyasına əsasən, yeni ad bir neçə nəsil liderlik mövqeyini möhkəm tutan bir şirkət təəssüratı yaratmalı idi.
1909-cu ildə sahibkar müştərilərin ölçü götürmək üçün mağazaya gəlməməsi üçün yeni sistem hazırladı və idmançının ayağını ölçən şkala yaratdı. Beləliklə, ayağın ölçüsünü öyrənmək üçün üzərində kontur olan və müəyyən göstəriciləri əks etdirən ağ vərəqi ustaya göndərmək kifayət idi.
Bununla yanaşı, Foster idmançılara müxtəlif idman növləri üçün ayaqqabı təklif etməyə başladı. Məsələn, qaçanlar üçün – topuğu tikanlı olan ayaqqabılar. 1910-cu ilə qədər J.W. Foster & Sons idman ayaqqabılarına tələbat artdı və bir sahibkar Bolton mağazasının yanında ayaqqabı fabriki açdı.
Birinci dünya müharibəsi dövründə, 1914-1918-ci illərdə şirkət əsgərlər üçün ordu çəkmələrini tikməyə başladı. 1922-ci ildə İngiltərə və Şotlandiya futbol liqalarında idmançıların 90%-i Fosterin idman ayaqqabılarında məşq edirdi.
Qurucunun nəvəsinin sözlərinə görə, Foster etibarlı münasibətlərə böyük əhəmiyyət verirdi. O, perspektivli idmançılara ayaqqabılarını pulsuz olaraq satırdı. Onlar qalib gəlirdi və beləliklə şirkəti reklam etmiş olurdu.
1924-cü ildə ingilis idmançılar Herold Abrahams və Erik Lidella Parisdə keçirilən Olimpiya oyunlarında birinci oldular. İdmançılar J.W.Foster & Sons ayaqqabılarında idilər.
1933-cü ildə Foster rəhmətə getdi. Şirkət onun oğullarının əlinə keçdi. Fosterin nəvəsi dövründə, İkinci dünya müharibəsi başlayanda idman ayaqqabılarına olan tələb kəskin düşdü və şirkət əsgər ayaqqabılarının təmirinə keçdi.
Reebok-un yaradılması
1955-ci ildə Fosterin nəvələri – Cozef və Ceff Forest – şirkətin rəhbərliyinə qatıldı. Onlar ailə biznesinin bərbad vəziyyətdə olduğunu gördü. Şirkət inəyinki rəqabətə, xarici bazara çıxmağa və ya satışları artırmağa belə hazır deyildi.
1958-ci ildə Forestlər Boltonu tərk etdilər və öz firmalarını qurdular. Onlar qohumları ilə rəqabət aparmaq istəmədikləri üçün velosipedçilər üçün nəzərdə tutulmuş ayaqqabılar istehsal etməyə başladılar.
Qardaşlar şirkəti Mercury Sports Footwear adlandırmağa qərar verdilər. Lakin bu ad artıq İngiltərənin Lotus & Delta ayaqqabı korporasiyasının filialına aid olduğu üçün patent ala bilmədilər.
Onlar qarşısında bir neçə seçim var idi:
1. Bu adı 1000 funt sterlinq qiymətinə satın almaq.
2. Şirkəti məhkəməyə vermək.
3. Yeni ad düşünmək.
Fosterlər üçüncü variantı seçdilər, çünki ad uğrunda mübarizə onlara çox baha başa gələ bilərdi. Qardaşlar Puma şirkətinin yaradıcısı Rudolf Dasslerin nümunəsindən ilham aldılar.
Co Fosterin əlində Webster’s American Dictionary lüğəti var idi və o orada “reebok” – Cənubi Afrika ceyranı sözünə rast gəldi. Beləliklə, 1958-ci ildə Reebok şirkətinin əsası qoyuldu. O dövrdə şirkətin fabriki yox idi – qardaşlar həftədə beş şillinq qiymətinə pivə zavodunu icarəyə götürürdülər.
1959-cu ildə J.W.Foster & Sons sahiblərindən biri öldü, digər qardaş isə istehsalla məşğul olmaq istəmədi. O, Reebok sahiblərinə şirkətdəki bütün avadanlığı götürməyi təklif etdi. Beləliklə, Reebok təkcə velosipedçilər deyil, həm də qaçışla məşğul olan idmançılar üçün ayaqqabı tikməyə başladı.
ABŞ bazarına çıxış və aerobika üçün nəzərdə tutulmuş ayaqqabı modelləri
1965-ci ildən başlayaraq Co Foster yerli distribyutor tapmaq üçün hər il ABŞ-ın Çikaqo ştatında keçirilən sərgilərdə iştirak etməyə başladı. 1978-ci ildə Reebok ayaqqabıları sahibkar Pol Fayermanın diqqətini çəkdi. O, markanın ABŞ-da məşhur idman növlərindən biri yüngül atletika üçün ayaqqabı istehsal etməsini gördü.
1979-cu ildə Fayerman 65 min dollarlıq idman ayaqqabıları aldı və ABŞ, Kanada və Meksikada rəsmi Reebok nümayəndəsinə çevrildi. O vaxt şirkətin idman ayaqqabıları rəqiblər arasında ən bahalı idi (60 dollar). Lakin qiymətə baxmayaraq, tələbat artmağa davam edirdi, buna görə şirkət Cənubi Koreyada əlavə istehsal açdı. Əgər 1980-cı ildə ABŞ-da Reebok satışları 300 min dollar idisə, 1981-ci ildə artıq 1.5 milyon dollara çatdı.
1980-cı illərdə başlayan qadın aerobikası bumu fonunda Reebok yeni Freestyle və Princess modellərini təqdim etdi. Bundan əlavə, ayaqqabı ilə yanaşı marka idman geyimlərini də istehsal etməyə başladı.
1983-cü ildə ABŞ-da satışlar təxminən 12.9 milyon dollar təşkil etdi. Növbəti il Fayerman şirkəti Foster qardaşlarından aldı və Reebok International-a çevirdi. Bu müqavilənin dəyəri 700 min dollar idi.
Onda satışların böyük hissəsi ABŞ-ın payına düşürdü, buna görə qərargah İngiltərədən Massaçuseç ştatına köçürüldü. 1985-ci ilin yazında Reebok birjaya çıxdı. Şirkətin bir səhmi 17 dollar qiymətinə satılırdı.
1986-cı ildə şirkət Weeboks uşaq idman geyimi biznesini satın aldı. Həmin ildə Reebok təxminən 100 milyon dollara ayaqqabı istehsalçısı Rockport şirkəti ilə birləşdi.
Rəhbərliyin dəyişməsi, basketbola vurğu və Nike ilə rəqabət
1987-ci ildə ABŞ-da Reebok satışları 1.4 milyard dollara yüksəldi. Həmin ildə şirkət göstəricilərinə görə Nike-ı belə keçdi. Eyni zamanda 80-cı illərin sonlarında şirkətin rəhbərliyi dəyişdi.
Qeyd edək ki, sonrakı bir neçə il ərzində şirkət üç rəhbər dəyişdi. Lakin yenə də Nike-dan geri qalırdı. 1990-cı ildə Reebok satışlar üzrə Nike-ı keçdi, 1992-ci ildə isə Fayerman yenidən şirkətin rəhbəri oldu. O, Nike ilə basketbol bazarında rəqabət aparmağa qərar verdi.
O vaxt Nike ABŞ-ın basketbol ayaqqabıları bazarının 50%-ni tuturdu. Mövqeyini gücləndirmək üçün Reebok yüksələn basketbol ulduzu Şakil O’ Nil ilə 3 milyon dollarlıq müqavilə bağladı.
Birlikdə onlar 130 dollarlıq Shaq Attack ayaqqabı modelini buraxdı. Bu ayaqqabı yeniyetmələr üçün nəzərdə tutulmuşdu. 1993-cü ildə satışların başlamasından altı ay sonra göstəricilər yenidən 20% düşdü.
2000-ci ildə Reebok Milli Futbol Liqasının futbolçuları və basketbolçuları ilə 250 milyon dollarlıq müqavilə bağladı. 2001-ci ildə şirkət NBA-nın 29 komandası üçün eksklüziv ayaqqabı tədarükçüsünə çevrildi. Eyni zamanda Reebok 50 Cent, Jay-Z və Neely də daxil olmaqla musiqiçilərlə müqavilələr bağlamağa başladı.
Adidas ilə müqavilə, UFC və CrossFit ilə əməkdaşlıq
2005-ci ildə Nike 22.5 milyard dollar, Adidas 8.2 milyard dollar, Reebok isə 2.6 milyard dollarlıq kapitala sahib idi. Eyni ildə Adidas Amerika bazarına çıxmaq üçün Reebok-u 3.8 milyard dollara aldı.
Adidas-ın məqsədi Reebok-un köməyi ilə Şimali Amerikada Nike ilə rəqabət aparmaq idi: 2005-ci ildə onun bu bazardakı payı 8.9% təşkil edirdi. Birlikdə onlar Nike ilə rəqabət apara bilərdi.
2010-cu ildə Reebok fitnes markası olan CrossFit ilə müqavilə imzaladı. Onillik müqaviləyə CrossFit Games sponsorluğu və eksklüziv ayaqqabı və geyim istehsalı daxil idi.
2011-ci ildə şirkət EasyTone (60 dollarlıq) və RunTone (80-100 dollarlıq) ayaqqabı kolleksiyası üçün reklam çarxı hazırladı. Reklamda bu ayaqqabıların əzələlərin həcmini artırmağa kömək etdiyi və rəqiblərin buraxdığı modellərdən 11% daha rahat olduğu deyilirdi.
Lakin tezliklə şirkətin idman ayaqqabılarının faydaları ilə bağlı iddiaların əsassız olduğu üzə çıxdı və bu, cəmiyyətdə mənfi reaksiya dalğasına səbəb oldu. ABŞ-ın Federal Ticarət Komissiyası Reebok-a mənəvi ziyanı ödəmək üçün alıcıların xərclədiyi pulu qaytarmağı tapşırdı. Üstəlik, şirkət 25 milyon dollar cərimələndi.
2012-ci ildə Reebok-un qazancı azaldı və o, 2014-cü ildə UFC ilə altıillik 70 milyon dollarlıq sponsorluq müqaviləsi imzaladı. Eyni ildə repçi Kendrik Lamar da Reebok ilə əməkdaşlıq etməyə başladı.
2016-cı ildə Adidas-ın yeni rəhbəri Kasper Rorsted oldu. Onun əsas vəzifələrindən biri Reebok-un göstəricilərini düzəltmək idi. Kasper effektiv olmayan mağazaları bağladı və lisenziya müqavilələrini yeniləməkdən imtina etdi. 2018-ci ildə marka yenidən qazanc əldə etməyə başladı. 2019-cu ilin əvvəlində Rorsted yeni CrossFit və FloatRide Run kimi idman ayaqqabılarını tanıtdı.
Satış
2020-ci ilin ikinci rübündə Reebok-un satışları 2019-cu illə müqayisədə 42% düşdü. 2021-ci ilin may ayında Adidas Reebok-u 1.2 milyard dollara satmaq niyyətində olduğunu açıqladı.
2021-ci ilin 12 avqustunda Adidas Reebok-u Amerikanın Authentic Brands Group (ABG) marketinq şirkətinə satdığını elan etdi. Müqavilənin 2022-ci ilin birinci rübündə bağlanacağı məlum oldu.