Yaponiyanın “Nikkei 225” indeksi tarixdə ilk dəfə 43 000 bəndi keçib, bu barədə “Reuters” məlumat yayıb. Bildirilir ki, 13 avqustda ticarətin sonunda “Nikkei 225” 43 274.67 bəndə (+1.3%) yüksəlib. Pik həddə indeks 1.7% artımla 43 451.46 bəndə çatıb. Tokio fond birjasının əsas indeksi olan “Topix” pik həddə 1.3% artaraq 3103.31 bənd təşkil edib.
Qeyd edək ki, “Nikkei 225” indeksinə daxil olan 141 şirkət artıb. Ən çox texnologiya şirkətləri yüksəliş nümayiş etdirib: “Renesas Electronics” səhmləri 7%, “Advantest” – 5.4%, “Sony Group” – 3.5% bahalaşıb.
Yaponiya bazarı 12 avqustda tarixi maksimumlarını yeniləyən Amerika bazarından sonra böyüyüb. ABŞ-də birjalar iyul ayında mülayim inflyasiya fonunda yüksəlib ki, bu da Federal Ehtiyatlar Sisteminin (FED) sentyabr ayında faiz dərəcəsinin azaltmasına dair ümidləri gücləndirib.