Yaponiyanın aparıcı fond indeksi bazar ertəsi günü kəskin yüksələrək yeni rekorda imza atıb və ilk dəfə 50 000 bənd həddini keçib. Buna yeni Baş nazir Sanae Takaitinin böyük stimullaşdırma paketi təqdim edəcəyi gözləntiləri və ABŞ Federal Ehtiyat Sisteminin (FED) siyasətinin yumşaldılacağı ilə bağlı proqnozlar səbəb olub.
“Nikkei 225” indeksi Bakı vaxtı ilə 04:49-da 2,1% artaraq 50 342,25 bəndə yüksəlib və tarixi maksimumu yeniləyib. Daha geniş TOPIX indeksi də tarixi maksimuma çataraq 1,7% artımla 3 326,37 bənd olub.
“Nikkei 225” son həftələr ardıcıl rekord maksimumlara çatır və oktyabr ayında demək olar ki, 12% artım göstərib.
Ötən həftə vəzifəyə başlayan Takaiti, ötən ilki 13,9 trilyon yenlik (təxminən 92 milyard dollar) ayırmanı üstələyəcək maliyyə paketini hazırlayır. Gözlənilir ki, stimullar inflyasiyaya qarşı mübarizəyə, inkişaf edən sahələrə investisiyalara və milli təhlükəsizliyə yönəldiləcək. Bu barədə ötən həftə “Reuters” agentliyi məlumat verib.
Digər tərəfdən, ABŞ-dən gələn son məlumatlar sentyabr ayında istehlak qiymətlərinin proqnozlardan daha aşağı artdığını göstərib. Bu isə bazarlarda 28-29 oktyabr iclasında FED-in faiz dərəcələrini endirəcəyi ilə bağlı gözləntiləri gücləndirib.
Yaponiya Bankı da bu həftə iclas keçirəcək, faiz dərəcələri ilə bağlı qərarın isə cümə axşamı açıqlanacağı gözlənilir. Mərkəzi Bankın ABŞ tariflərinin təsiri ilə bağlı daha çox aydınlıq yaranmasına qədər faizləri 0,5% səviyyəsində saxlayacağı proqnozlaşdırılır.







