22 C
Baku
Monday, October 20, 2025

Nikkei indeksi Yaponiyada siyasi vəziyyətin sabitləşməsi fonunda 3% artıb

Asiyanın ən iri birjası olan Tokio Fond Birjasının əsas göstəricisi Nikkei indeksi bazar ertəsi 3,03% artıb. Bu artım Yaponiyada yeni hakim koalisiyanın yaradılması barədə razılaşmanın əldə olunması ilə əlaqələndirilir. Yeni koalisiya Liberal Demokrat Partiyasının (LDP) sədri Sanae Takaitinin Yaponiyanın baş naziri olmasını demək olar ki, təmin edəcək. Bu barədə ticarət məlumatlarında bildirilir.

Ticarət gününün yekunlarına əsasən, Nikkei indeksi 1 440,15 bənd (3,03%) artaraq 49 022,3 bənd səviyyəsinə çatıb və tarixdə ilk dəfə 49 min bənd həddini keçib. Artımın əsas səbəbi ölkədə siyasi vəziyyətin sabitləşməsi olub. Yerli analitiklərin qeyd etdiyinə görə, investorlar hakim LDP-nin “Yaponiyanın Yenilənməsi Cəmiyyəti” partiyası ilə koalisiya yaradılması barədə razılaşmasını müsbət qarşıladılar, çünki bu, Takaitinin baş nazir postuna keçəcəyini deməkdir. Rəsmi açıqlamanın bazar ertəsi axşamı veriləcəyi gözlənilir, lakin birja iştirakçıları artıq bu ittifaqın qarşısında heç bir maneənin qalmadığına əmindirlər.

Yeni koalisiyanın yaradılması məsələsi mərkəzçi “Komeyto” partiyasının LDP ilə ittifaqdan çıxmaq qərarından sonra gündəmə gəlib. Bu səbəbdən Yaponiyada üç əsas müxalifət qüvvəsi — Konstitusiya-Demokrat Partiyası, Xalq Demokrat Partiyası və “Yaponiyanın Yenilənməsi Cəmiyyəti” partiyası — arasında əməkdaşlıq ehtimalı fəal şəkildə müzakirə olunur.

Yeni baş nazirin seçkiləri 21 oktyabrda parlamentin əsas aşağı palatasında keçiriləcək. Sanae Takaiti Yaponiyanın tarixində ilk qadın baş nazir olacaq.

Son xəbərlər
Digər xəbərlər