Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla avtomobil əlaqəsinin mümkünlüyünü bəyan edib.
“Sputnik Armenia” xəbər verir ki, o, bu barədə Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olarkən deyib.
“Artıq Azərbaycan Prezidenti İlham Əliyevlə dəmir yolu əlaqəsi ilə bağlı prinsipial razılaşma var. Söhbət Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpasından gedir. Ümid edirik ki, bu işi 2-3 il ərzində yekunlaşdıracağıq”, – N.Paşinyan bildirib.
Onun sözlərinə görə, əldə olunan razılaşmaların gerçəkləşdirilməsi üzərində çalışmaq lazımdır.
Baş nazir həmçinin Azərbaycanla avtomobil yolunun bərpasının mümkünlüyünü də vurğulayıb: “Nəzərinizə çatdırmaq istəyirəm ki, noyabrın 26-da Soçidə Rusiya Prezidenti Vladimir Putin və dekabrın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşlərin yekununda Azərbaycanla avtomobil əlaqəsinin bərpasına dair razılaşmanın əldə olunması imkanı yaranıb”.
Qeyd edək ki, N.Paşinyan Tbilisidə Ermənistan-Gürcüstan hökumətlərarası iqtisadi-ticari əməkdaşlıq komissiyasının iclasında iştirak edib.