12 C
Baku
Cümə, Dekabr 3, 2021

Nikol Paşinyan Gorus-Qafan yolu barədə: “Bu, dəhliz məntiqi bahasına başa gələrdi”

Ermənistanın Baş naziri Nikol Paşinyan cümə axşamı günü hökumət iclasında deyib ki, Gorus-Qafan sahəsində Azərbaycan postlarının qurulmasından qaçmaq olardı, amma bu, “dəhliz məntiqi” bahasına başa gələrdi.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ötən gün açıqlayıb ki, Azərbaycan Gorus-Qafan yolunda gömrük və sərhəd postları yerləşdirir.

Azərbaycan hələ ki, məsələ ilə bağlı açıqlama verməyib.

“Sual yarana bilər: bu yolda Ermənistan Respublikası vətəndaşlarına və yüklərinə sərhəd nəzarətinin olmaması üçün danışıqlar aparmaq olmazdımı? Olardı, ancaq bu, bizə dəhliz məntiqi [bahasına] başa gələrdi ki, bu da qəbuledilməzdir”, – Sputnik agentliyi Nikol Paşinyana istinadən yazır.

Baş nazir bildirib ki, Ermənistan “öz ərazisindən keçən, nəzarət edilməyən hər hansı nəqliyyat dəhlizlərinin yaradılmasını rədd edir”.

Nikol Paşinyan söyləyib ki, Azərbaycan Gorus-Qafan yolunda post qurmaq istədiyinə görə, Ermənistan artıq yeni salınmış Qafan-Tatev yolundan istifadə edəcək.

Gorus-Qafan yolunda post etiraza səbəb olub

Cümə axşamı Ermənistanın paytaxtı Yerevanda Azərbaycanın Gorus-Qafan yolunda post qurmasına etiraz edənlər saxlanılıb.

Müxalifətin təşkil etdiyi aksiyada etirazçılar Baş nazir Nikol Paşinyanın başçılığı ilə hökumət iclasının keçirildiyi Nazirlər Kabinetinin binasına yaxınlaşmaq istəsələr də, polis müqaviməti ilə üzləşiblər.

İlkin məlumata görə, 16 nəfər saxlanılıb, Sputnik agentliyinin Ermənistan xidməti yazır.

TASS agentliyi yazır ki, etirazçılar “Nikol Paşinyanla görüşmək, onun hansı haqla bizim yolumuzu azərbaycanlılara verdiyini başa düşmək istəyirik” deyiblər.

Aksiyada iştirak edən Ermənistan parlamentinin üzvü, “Hayastan” blokunun millət vəkili Anna Qriqoryan Ermənistan hökumətini Gorus-Qafan yolu ilə bağlı məlumatları “gizlətməkdə” ittiham edib, Sputnik agentliyi bildirib.

O, jurnalistlərə açıqlamasında deyib ki, iki ay müddətində hökumətdən azərbaycanlıların Sünik vilayətində necə və nə üçün tikinti işləri apardığı ilə bağlı məlumat almağa çalışsa da, buna nail olmayıb.

“Yalnız dünən Təhlükəsizlik Şurasının katibi bəyan etdi ki, orada gömrük məntəqəsi tikilib və buna cavab olaraq biz öz məntəqəmizi tikmişik. Sual olunur ki, biz bunu [gömrük məntəqəsini] ora kimin üçün qoymuşuq?” – deputat deyib.

“Bu gün Azərbaycan tərəfi erməni tərəfinə məlumat verib ki, saat 00:00-dan etibarən Gorus-Qafan avtomobil yolunun hissələrində gömrük və sərhəd prosedurlarını həyata keçirəcək, yəni, nəzarət-buraxılış məntəqəsi yaradacaq”, – Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan çərşənbə günü Ermənistanın İctimai televiziyasına müsahibəsində deyib.

O bildirib ki, buna cavab olaraq Ermənistan tərəfi də həmin ərazidə gömrük və sərhəd postları yerləşdirəcək, Sputnik agentliyinin Ermənistan xidməti bildirib.

Armen Qriqoryan Gorus-Qafan yoluna alternativ olan Qafan-Tatev yolunun hazır olduğunu bildirib.

Bir hissəsinin Azərbaycan ərazisindən keçdiyi Gorus-Qafan yolu Ermənistana yük aparan maşınların istifadə etdiyi əsas yoldur.

Bu ilin sentyabr ayında Azərbaycan polisinin bu yolda İran nömrəli yük maşınlarını yoxlaması və sürücülərin saxlanılması Azərbaycan və İran arasında gərginliyə səbəb olmuşdu.

Ermənistan Baş naziri Nikol Paşinyan bir müddət öncə bildirmişdi ki, bu yoldan istifadə ilə bağlı ötən ilin dekabrında Azərbaycanla razılaşıblar.

Bundan əvvəl Azərbaycan Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev BBC News Azərbaycancaya açıqlamasında bildirmişdi ki, “sözügedən yer Azərbaycanın ərazisidir” və orada hərəkət edən avtomobillər “müvafiq qaydada yoxlanıla bilər”.

Dövlət Gömrük Komitəsinin sentyabrın 13-də yaydığı açıqlamada bildirilirdi ki, Azərbaycan ərazisinə daxil olan və Azərbaycan ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri “yol vergisinin vergitutma obyektidir”.

Son xəbərlər
Oxşar xəbərlər
X