Bu gün NIKOIL | Bank əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. Bankın İdarə Heyətinin Sədri Nikoloz Şurqaianın təyinatından bir ay ötür, bugün sizlərə Sədrlə geniş müsahibəni təqdim edirik.
-Cənab Şurqaia, hər şeydən öncə Sizi “NİKOYL” Bankın İdarə Heyətinin Sədri vəzifəsinə təyin olunmanız münasibətilə təbrik etmək istərdim.
–Təşəkkür edirəm. İlk öncə ondan başlayaq ki, “NİKOYL” Bank yarandığı 1994-cü ildən bəri müəyyən tarixə, öz ənənələrinə və müştəri bazasına malik olan, ölkənin universal banklarından biridir.
Uzun illər ərzində Banka sadiq olan, həmçinin son dövrlər ərzində bizim sıralarımıza qoşulmağa qərar verənlərə öz minnətdarlığımı bildirmək istəyirəm. Mənim üçün geniş və sadiq müştəri bazasına və inkişafa tuşlanmış səhmdarlara malik olan, 20 ildən artıq tarixi olan Banka başçılıq etmək böyük şərəfdir. Bu həmçinin Bankı daha yüksək müasir inkişaf səviyyəsinə köçürmək üçün yeni çağırışdır.
-Təbii ki, Bankın müştərilərinə və sadə oxuculara Sizinlə yaxından tanış olmaq maraqlı olacaq, buna görə də standart yanaşmadan başlayacağıq – özünüz haqda və Sizin peşəkar bankir fəaliyyətiniz haqda danışın.
-Mən 20 ildən artıqdır ki, bank işinə həyatımı həsr etmişəm və çalışıram bundan sonrada sevdiyim işlə məşğul olum, daim öz bacarıqlarımı təkmilləşdirirəm, həm özümü, həmdə işlədiyim şirkətləri dəyişdirirəm. London biznes-məktəbinin biznesin idarəedilməsi üzrə magistr dərəcəm var və iqtisad elmləri namizədiyəm. Mənim bankir karyeram 1994-ci ildə Tbilisi Dövlət Universitetində ikinci kursda oxuyarkən başlayıb. O zaman mən Gürcüstanın “Eksimbank”-ında çalışmağa başladım. Biznes məktəbi bitirdikdən sonra 2004-ci ildə mən Moskvaya köçdüm, burada mən “ABN AMRO” Bankının energetika Departamentində çalışmağa başladım. Daha sonra Londona AYİB-in maliyyə institutları Qrupuna qayıtdım və 2008-ci ilin yazından mən karyeramı artıq beynəlxalq bankir, menecer və müşavir kimi davam etdirdim. Bu qismdə mən Gürcüstan, Belarus və Azərbaycanda işlədim. Əsas işlərlə paralel olaraq, mən yaxın xarici ölkələrdə müxtəlif tipli maliyyə qurumlarının direktorlar şurasında iştirak edirəm.
Mənim missiyam tərəqqinin sürətləndirilməsinə kömək etmək, təcrübə mübadiləsi və ümumi məqsədlər ətrafında müxtəlif baxışları olan peşəkarların birləşdirilməsi sayəsində dəyərlər yaratmaq və komandanın hər bir üzvünün ən yaxşı keyfiyyətlərini üzə çıxarmaqdır.
-Yorulmamısınız? Vəziyyətin tez-tez dəyişilməsi, hələ Sizin təyinatınızın coğrafi əhatə dairəsi barədə demirəm…
-Heç bir halda. Əksinə, şirkətin effektliyinin və əməyin məhsuldarlığının artırılması, təcrübə mübadiləsi və yenilikləri tanımaq imkanları məni ruhlandırır. İnsan kimi təşkilatın da inkişafı daimi dəyişikliklərə hazır olmasına əsaslanır. İnkişaf etmə zərurəti bankirlər üçün daha aktualdır. Banklar iqtisadiyyatda orqanizmi qan ilə təmin edən ürək rolunu oynayır. Ona görə də biz, həmişə yaxşı formada olmalıyıq ki, müxtəlif bölgələrdə gedən artım və müvəqqəti zəifliklərə qarşı orqanizmin ehtiyaclarını ödəyə bilək.Yorğunluq ürək üçün yolverilməz dəyərdir. Bəli, razılaşıram ki, işlədiyim ölkələr – Gürcüstan, Belarus, Azərbaycan, Böyük Britaniya və Rusiya öz dərin ənənələri, mentaliteti və həyat tərzi, həmçinin maliyyə bazarları ilə seçilən müxtəlif suveren dövlətlərdir. Bununla belə, həm mədəniyyət, həm də biznesdə bu ölkələr arasında ümumi cəhətlər çoxdur. İnsanlar hər yerdə insanlardır, xüsusən də, çoxəsrlik birgə tarixə malik olan qonşu ölkələrdə. İnsanlar, ölkələr və bizneslər arasındakı fərqlər isə yeni bir şey görmək və öyrənmək imkanı verir. İş təcrübəsi olduqda müxtəlif situasiyalarda üç mühüm amili yadda saxlamaq gərəkdir – sualların cavablandırılmasına doğru yanaşma, nəticəyə istiqamətlilik və təşəbbüskarlıq. Sonra isə müəyyən olmayan bir şey qalmır.
-Biznes haqqında konkret “NİKOYL” Bank haqqında danışarkən – yaxın gələcəkdə nə gözlənilir?
-Təbii ki, ilk növbədə biz müştərilərimizin xidmətinin yaxşılaşdırılması üzrə işləməyə başlayacağıq, bankın fəaliyyətdə olan əməliyyat imkanlarına, fiziki və hüquqi şəxslər üçün risk-profilli məhsullara yenidən baxacağıq. “NİKOYL” Bankın müştərilərinin aldığı sürətli xidmət, diqqət və rahatlıq bizim üçün birinci dərəcəli məqsədlərdir. Mobil bank, internet bank və digər məsafəli xidmətlərin çeşidi artacaq. Təbii ki, müştərilərin tələbləri fərqlənir və müştərilərimizin rahatlığı üçün satış nöqtələrinin komfortunu yaxşılaşdıracağıq. Biz maksimum çalışacağıq ki, hər kəs üçün uyğun yanaşma tərzi tapaq. Nadir hallarda, bizdən tələb olunanı verə bilmədikdə, bunu dürüst və açıq şəkildə bildirəcəyik. Müştərilər üçün təqdim olunan xidmətlə yanaşı hər bir bank üçün onun içəridən görünən biznes tərəfi vacibdir, bu isə bizim biznes həyata keçirdiyimiz istiqamət və şöbələrin hər birinin effektliyidir. Biz satış nöqtələrinin optimallaşdırılması, onların idarəedilməsi, biznesin planlaşdırılması və qiymətləndirilməsi ilə məşğul olacağıq. Burada biznesin effektivliyi və müştərilərin məmnuniyyəti vurğulanır.
Korporativ idarəetmənin ən yaxşı beynəlxalq təcrübəsini tətbiq edərək müştərilər və partnyorlarla uzunmüddətli və etibarlı münasibətlər yaratmaq bizim əsas vəzifəmizdir.
– Qısa müddət ərzində Azərbaycanda bankların sayı kəskin azaldı. Bu, ümumi əhval-ruhiyyəyə necə təsir edə bilər?
– Bazar iqtisadiyyatının dövri təbiəti və xammal məhsullarına olan dünya qiymətləri bir çox ölkələr, o cümlədən Azərbaycanın iqtisadiyyatı üçün təhdidlər yaratdı. Bank sektoru iqtisadi silsilələrin təsirinə daha çox məruz qalır, nəinki müştərilərin vəziyyətindən asılı olan iqtisadiyyat. Təxminən son 20 il ərzində bank sektorunda baş vermiş fasiləsiz artıma cavab olaraq, bank sistemində əhəmiyyətli dəyişikliklər indi baş verir. Bankların və bank kreditlərinin sayının azlaması bank işçilərinin eləcə də müştərilərin, xüsusilə, borcalanlar üçün ağrılı bir prosesdir. Lakin cəmiyyətə faydalı olması baxımından müsbət tərəfləri də çoxdur. Bu sektorda çalışanların ümumi sayının azalması, biznesin riskliliyinin azalması, avtomatlaşdırma və səmərəliliyinin artırılması bank sənayesinin ümumi yaxşılaşdırılması üçün atılan addımların bir hissəsidir. Banklar əsasən bacarıqlı mütəxəssislərlə komplektləşdirilir və yeni iqtisadi şəraitə adaptasiya olurlar. Prosesin düzgün tənzimlənməsi zamanı işçilərin sayının azaldılması sektorun sağlamlaşdırılmasına gətirib çıxaracaq. İqtisadi aktivliyin artırılması ilə banklar iqtisadiyyatın xeyri naminə daha yaxşı və daha çox xidmət təklif edəcəklər. Bununla da inkişafın müsbət spiralı yaranaraq, iqtisadi inkişafa müsbət təsir edəcək.
– Kreditləşdirmənin hansı istiqamətləri “NİKOYL” Bank üçün prioritet sayılacaq?
– Mikro, kiçik, orta biznes və Azərbaycan əhalisi ilə işlərin aparılması bizim üçün prioritetdir. Burada biz gələcək üçün böyük potensial görürük. Bugün də biz, iqtisadi aktivliyin azalmasına baxmayaraq kənd təsərrüfatı, istehsal, turizmə cəlb olunmuş şirkətlər və ümumi fərdi sahibkarlarlarla aktiv işləyirik. Əlbəttə ki, biz kredit üçün müraciətləri diqqətlə təhlil edirik. Bu proses hər iki tərəf üçün fayda daşıyır. Adətən bankirlərin ehtiyatlılığı müştəriləri əsassız risklərdən qoruya bilir.
-“NİKOYL” Bankın yeni rəhbərliyinin əsas məqsədi nədir?
-Məqsədimiz səhmdarlar, müştərilər və əməkdaşlar üçün dəyərlı olacaq müasir bank yaratmaqdır; faydalı iqtisadi vahid ola bilən və daim özünü inkişaf etdirmə qabiliyyətinə malik olan bir bank.
-Sizin üçün “NİKOYL” Bankın uğurunun təminatı nədir?
-Uğur, bank sənayesi ilə müqayisədə, nisbi və ya mütləq anlayışdır – kapitalın gəlirliyinin uzun müddətli və yüksək səviyyədə dəstəyini təmin edir. Nisbi uğur özü banka aid nisbi amillərdən asılıdır. Mütləq uğur üçün əlavə əlverişli əməliyyat və davamlı mühit lazımdır. Nisbi uğura aparan yol bir neçə komponentə əsaslanır. Hesab edirəm ki, onlardan ən əsasları peşəkar bir komandanın olması, düzgün korporativ idarəetmə və səhmdarların maliyyə dəstəyinin olmasıdır. Nikoyl Bankın maliyyə dəstəyi var. Yaxın gələcəkdə səhmdarlar bankın kapitalının artırılması niyyətindədirlər. Bizdə həmçinin düzgün korporativ idarəetmə bacarıqları mövcuddur. Və mən ümid edirəm ki, biz tezliklə bu istiqamətdə ən yaxşı təcrübəni reallaşdıracağıq. Yalnız bir şey qalır – effektli, işinə qəlbi və ağlı ilə sadiq olan komandanın formalaşdırılması. Mən bu məqsədə nail olmaq üçün əlimdən gələni edəcəyəm və inanıram ki, düzgün yanaşma və inadlı iş həmişə müsbət nəticə verir.
-Bəs sizə elə gəlmirmi ki, dünya iqtisadi turbulentlik, Azərbaycanın bank sektrorundakı çətinliklər fonunda bankirlərə etibar azalıb?
-2008-2009-ci illər Dünya maliyyə böhranından sonra, bankirlərin nüfuzu, qlobal miqyasda zərər çəkib. Bankların mühüm rolu olan ciddi iqtisadi çətinliklər ortaya çıxdı. Azərbaycan dünyada gedən proseslərdən kənarda qalmadı. Öz sənətimə qarşı tənqidləri qəbul edərək, düşünürəm ki, bankirlər dəyişilməli və daha yaxşı olmalıdırlar. Eyni zamanda, mən öz peşəmi sevirəm, ona hörmət edirəm və onunla fəxr edirəm. Düşünürəm ki, cəmiyyət də dəyişilir və bu şeylərin təbiətini daha dərindən qəbul etməyə başlayır. İnsanların və biznes nümayəndələrinin əksəriyyəti bankların rolunu daha yaxşı anlamağa və yaxşını pisdən ayırmağı, fərqləndirməyi öyrəniblər. Onlar artıq başa düşürlər ki, kim-kimdir.
Paralel olaraq, maliyyə sənayesinin yenilənməsi prosesi gedir, bankirlərin əksəriyyəti işə düzgün yanaşırlar və öz biznesini təkmilləşdirirlər. Dünya iqtisadiyyatı bir çox risklərin təsirinə meyilli olaraq qalır lakin, o daha canlı inkişafa yenidən dönəcək. Bununla bağlı olaraq, cəmiyyət də özünü daha firavan və rahat hiss edəcək. Banklara inam da mütləq bərpa olunacaq. Amma təkrar edim ki, gələcəyin bankları keçmiş və bugünkü banklardan çox fərqlənəcək.
-Deməli siz banklarda müsbət dəyişikliyə inanırsınız.
Birmənalı şəkildə. Müasir iqtisadi nəzəriyyənin banilərindən biri olan A.Smitin tərəfdarı kimi, onun “görünməyən əl” nəzəriyyəsinə inanaraq hesab edirəm ki, iqtisadiyyatın özünütənzimləmə xüsusiyyəti var. Banklar, maliyyə sektoru müştərilərin və cəmiyyətin tələblərini qarşılamaq üçün dəyişiklikləri davam etdirəcəklər. Eyni zamanda peşəkarlar öz işlərini yaxşı görürlərsə, bu həm iqtisadiyyat, həm də cəmiyyət üçün yaxşıdır. İşi yaxşı görmək üçün doğru və çox işləmək lazımdır, hətta lap çox…
-Sizin iş bacarığınızın sirri nədədir?
-Öz sağlamlığına qarşı nizam-intizamlı olmaq bütün peşələrə malik insanlara kömək edir. Mənim üçün bu, düzgün qidalanma, fiziki aktivlik və kifayət edəcək qədər yuxudan ibarətdir. Həyata nikbin baxış da böyük rol oynayır. Özünə və insanların müsbət tərəflərinə inanmaq lazımdır. İnsan nəyə köklənsə elə də davam edəcək.
– İşdən kənar vaxtlarda daha nə ilə məşğul olursunuz?
İşdə intensiv fəaliyyətimdən sonra evdə ailəmlə vaxt keçirmək mənim üçün çox önəmlidir. Ailə və dostlar – sevgi və yeni enerji mənbəyidirlər. Həmçinin idman da mənim həyatımın ayrılmaz hissəsidir. İdman gunün müsbət başlanması üçün əvəzolunmazdır. Uzun və gərgin işdən sonra sürətli bərpa olunmaqda köməklik göstərir. İmkan olunca səyahət etməyi də sevirəm, həmçinin həyat yoldaşımla birgə müasir incəsənətlə məşğul oluram. Mən dünyagörüşünün daima genişlənməsinin tərəfdarıyam. Bunlar – müxtəlif ölkərə səfər etmək, biznes cəmiyyətləri ziyarət etmək, müxtəlif peşə və baxışlara malik insanlarla ünsiyyət qurmaqdır. Dünya rəngarəngdir.
-“NİKOYL” Bankın kollektivinə hansı cümlə ilə müraciət edibsiniz?
-Banka öz eviniz kimi yanaşın!
-Gələcək bankirlərə nə arzulayardınız?
– Bank işi – texniki və humanitar biliklərdən, praktiki bacarıqlardan ibarət kokteyldir və həmçinin yaxşı kommunikasiya qurmaq bacarığıdır.
Mütləq yaxşı təhsil almaq və imkan olan kimi çoxlu oxumaq lazımdır. Bu baxımdan məni gənclər arasında şəkil və videolara üstünlük verilərək oxumağa meyilliyin azalması narahat edir. Xarici dillərin öyrənilməsindən yan keçmək olmaz. Əlbəttəki, ən əsas dil ingilis dilidir, çünki o, birbaşa müasir biliklərə, xarici nəşrlərə və maliyyə ədəbiyyatına yiyələnməyə imkan verir. Lakin digər dillər də faydalıdır. İş təcrübəsinə malik olmaq da vacvibdir. Başa düşürəm ki, çox vaxt gənclər özlərinə münasib iş tapmaqda çətinlik çəkirlər. Bununla belə, müəyyən dövr üçün az məvacib alaraq sevmədiyin işi görmək işsiz qalmaqdan daha yaxşıdır. Bank təcrübəsi də çox önəmlidir. Ən sonda gənclərə daha iddialı olmağı, irəli addımlamağı və öz arzularını fəth etməyi arzulayıram.
-Və sonda, oxucularımıza arzunuz?
– Bizi izləyin və yaxın gələcəkdə ortaya çıxacaq yeni təkliflərimizin və tərəqqimizin şahidi olun. Əgər siz müasir və rahat bank xidmətləri almaq istəyirsinizsə bizim – “NİKOYL” bankın müştərisi olun!
– Cənab Şurqaia, xoş söhbətə görə Sizə təşəkkür edirəm. Sizə və “NİKOYL” Bankın bütün kollektivinə möhkəm cansağlığı, biznesinizdə uğurlar və firavanlıq arzulayıram!