Yaponiyanın “Nintendo” şirkəti ABŞ prezidenti Donald Trampın idxal tariflərini artırması səbəbindən amerikalı alıcılar üçün yeni “Switch 2” oyun konsolunun ilkin sifarişini gecikdirir. Bildirilir ki, şirkət “tariflərin və dəyişən bazar şəraitinin potensial təsirini qiymətləndirmək” qərarına gəlib. Bununla belə, “Nintendo” konsolun satışlarının digər ölkələrdə olduğu kimi ABŞ-də də iyunun 5-də başlayacağını qeyd edib.
Yeni oyun konsolunun hansı ölkələrdə istehsal olunduğu barədə məlumat hələlik açıqlanmayıb. Xatırladaq ki, “Switch 1″in əvvəlki versiyası Çin və Vyetnamda istehsal edilib. İkinci versiya eyni ölkələrdə istehsal olunarsa, o zaman “Nintendo” çox yüksək rüsumlarla üzləşəcək – 54% Çin mallarına, 46% Vyetnam mallarına. “IPC” ticarət assosiasiyasının proqnozlarına görə, ABŞ-də rüsumların artması səbəbindən oyun konsollarının qiymətləri 50% arta bilər.
Həmçinin aprelin 5-də Britaniya avtomobil istehsalçısı “Jaguar Land Rover” (JLR) ABŞ-yə tədarüklərin dayandırıldığını elan edib. Şirkət avtomobillərə 25% idxal rüsumunun tətbiqi ilə əlaqədar ABŞ-yə tədarükləri bir ay müddətinə dayandırıb. İstehsalçı bunu “orta və uzunmüddətli planlar hazırlanarkən” müvəqqəti tədbir adlandırıb. Qeyd edək ki, “JLR”nin satışlarının təxminən dörddə biri ABŞ-nin payına düşür.