Yaponiyanın avtomobil istehsalçısı “Nissan Motor Co.” biznesin yenidən qurulması çərçivəsində 20 000-ə yaxın işçini və ya qlobal işçi qüvvəsinin 15%-ni ixtisar etməyi planlaşdırır.
Noyabr ayında şirkət 9 min nəfəri ixtisar etdiyini açıqlamışdı. Məlumata görə, “Nissan” indi daha 11 min işçisini ixtisar etmək niyyətindədir.
“Nissan” nümayəndələri “Bloomberg”in şərh sorğusuna cavab verməyiblər.
Şirkət bundan əvvəl martda başa çatan son maliyyə ilində itkisinin 750 milyard yenaya (5.1 milyard dollar) çata biləcəyini proqnozlaşdırmışdı. İllik hesabat mayın 13-də dərc olunacaq.
“Nissan” səhmləri bazar ertəsi 0.7% bahalaşıb. İlin əvvəlindən şirkətin kapitallaşması 27.8% azalıb.