Yaponiyanın “Nissan Motor” avtokonserni qarşıdakı on ildə elektromobillərin və təmiz texnologiyaların istehsalı üçün böyük məbləğdə investisiyaları nəzərdə tutan “Nissan Ambition 2030” inkişaf strategiyasını təqdim edib.
Bu barədə şirkətin noyabrın 29-da yaydığı məlumatda bildirilir. Qeyd edilir ki, şirkət qarşıdakı beş ildə 15 elektromobil və səkkiz hibrid daxil olmaqla 23 yeni modelin genişləndirilmiş xəttini yaratmaq üçün müxtəlif texniki innovasiyaların tətbiqinə 2 trilyon yen (17,6 milyard dollar) yönəldəcək. Bundan əlavə, şirkət 2028-ci ildə litium-ion akumlyatorlarından üstün akkumulyatorlarla təchiz edilmiş yeni avtomobilləri də bazara çıxarmağı planlaşdırır.
Yeni strategiyanın yapon şirkətinə 2026-cı ildə elektromobillərin və hibrid avtomobillərin aparıcı dünya bazarlarında satışını artırmağa şərait yaradacağı gözlənilir.