Yaponiyanın “Nissan” avtomobil şirkətinin prezidenti Hiroto Saikawa, maliyyə fırıldaqları ilə əlaqədar olan qalmaqaldan sonra vəzifəsini tərk etmək niyyətində olduğunu bildirib.
Banker.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat verib.
Prezidentin istefaya getməsinin dəqiq tarixi açıqlanmayıb. Bloomberg-in verdiyi məlumata görə, o, varisini tapdıqdan dərhal sonra vəzifəsini tərk edəcəkdir.
Kyodo agentliyinə görə, bununla prezident şirkətin rəhbəri olduğu müddətdə bonusların alınmasına görə məsuliyyəti öz üzərinə götürmək istəyir. Buna baxmayaraq, “Nissan” rəhbəri sxemin təşkilatçısı olmadığını söyləyərək artıq məbləği korporasiyaya qaytaracağını bildirib. Bonus ödənişlərinin həcmi korporasiyaların səhmlərinin dəyər göstəricilərinin hesablanması yolu ilə müəyyən edilmişdir. Bu sistem işçiləri şirkətin inkişafında və mənfəətini artırmaqda daha da həvəsli olması üçün təşkil olunmuşdur.
Xatırladaq ki, qalmaqal “Renault — Nissan — Mitsubishi” avtomobil alyansının rəhbəri olan Karlos Gosn ilə bağlıdır. O, ümumi dəyəri 80 milyon dollar olan maliyyə maxinasiyalarında ittiham olunub. Gosn özü bütün ittihamları rədd edir.