9 C
Baku
Thursday, December 12, 2024

Niyə Bakı Fond Birjasında repo “kosmik” sürətlə yüksəlir?

Bakı Fond Birjasında repo əməliyyatlarının həcmi cari ilin ilk 10 ayında tarixi maksimum olan 42 mlrd. 833 mln. manata yüksəlməklə öncəki illə müqayisədə 4 dəfəyə yaxın artmış oldu. Banker.az xəbər verir ki, bu, Bakı Fond Birjasının ötən gün açıqladığı aylıq statistik göstəricilərində bildirilib.

Belə ki, keçən ilin eyni dövründə 11 mlrd. 355 milyon manatlıq əməliyyat baş tutmuşdu.

Fond Birjasında repo əməliyyatları banklar, maliyyə qurumları və investorlar arasında qısa müddətli borclanma üçün istifadə olunan bir maliyyə alətidir. “Repo” (Repurchase Agreement) anlaşması bir tərəfin digər tərəfə qiymətli kağızları (əsasən dövlət istiqrazlarını) müvəqqəti sataraq müəyyən müddət sonra onları geri alması ilə həyata keçirilir.

Repo əməliyyatları Həcm, mln. manat
Cəmi

42,833

Dövlət istiqrazları üzrə

19,167

ARMB qiymətli kağızları üzrə

1,456

Korporativ qiymətli kağızlar üzrə

22,210

 

Bu əməliyyatın əsas məqsədi likvidlik təmin etmək və iştirakçılar üçün qısa müddətli maliyyə resursları yaratmaqdır. Repo əməliyyatları zamanı qiymətli kağızlar təminat kimi istifadə olunur və beləliklə, kredit riskini azaltmaqla borclanmanı asanlaşdırır.

BFB-də aparılan repo əməliyyatlarının öncəki illərdən daha bir fərqi isə korporativ qiymətli kağızlar üzrə dövriyyənin, dövlətin istiqrazları və Mərkəzi Bankın notlarından daha çox üstünlük təşkil etməsidir. Birjada 22 mlrd. 210 mln. manatlıq korporativ istiqrazlarla repo əməliyyatı aparılıb ki, bu da ölkənin fond bazarının cari ildə 20 mlrd. üzərində əlavə inkişafına gətirib çıxarıb. Ötən gün BFB 50 mlrd.-lıq dövriyyə açıqladı və bu dövriyyənin əsas komponenti də məhz repo əməliyyatlarıdır.

Keçən il BFB-nin cəmi 19 mlrd. 452 mln. manat dövriyyəsinin 58 faizini repo əməliyyatları tuturdu. Cari ildə 50 mlrd. 334 mln. manatlıq əməliyyatın 85 faizini repo əməliyyatları əhatə edir.

Son illərdə dövlət istiqrazlarına tələb öncəki illərlə müqayisədə kəskin yüksəlir. Öncəki illərdə əksər iri banklar öhdəliklərindəki xərcsiz olan böyük həcmli vəsaitləri bu istiqamətə yönəldə bilirdilərsə, 2022-ci ildən bu tərəfə sərt pul siyasəti bunun üçün böyük maneədir. Mərkəzi Bank 5 mlrd. manat üzərində bank depozitlərin onda qalmasını, yəni hər hansısa aktivə yönəltməyə “icazə vermir”. Bu da bir sıra iri bankların orta banklara qoşularaq yuxarı dərəcə ilə müştərilərdən əmanət cəlbinə gətirib çıxarır. Həmçinin repo əməliyyatları da. Bundan əlavə, Mərkəzi Bankların notlarının alıcısı əvvəl yalnız banklardısa, indi buna hüquqi şəxslər də qoşulub. Bununla bağlı digər yazımızın linki.

Repo əməliyyatlarının yüksəlməsi ilə paralel, onlarla aparılan istinad faizi də yüksəlir. Məsələn, keçən il birgünlük repo əməliyyatlarının (1D AINA AO) istinad faizi, demək olar ki, 6%-in altında hərəkət edirdisə, bu il bu rəqəm 6-8 faiz diapazonuna yüksəlib. Eyni göstərici bir həftəlik, iki həftəlik və 1 aylıq repo əməliyyatlarında da müşahidə edilib.

BFB-də aparılan investisiya Şirkətlərinin apardığı repo əməliyyatları, mln. manat
Şirkət  2024, ilk 10  2023, ilk 10
ABB İnvest                     38,659.56                     4,884.82
PAŞA Kapital                     15,219.34                     9,686.99
Assist Finance                       3,786.08                     1,005.95
CPM-İnvest                       1,967.92                     2,879.21
Unicapital                       1,823.22                     1,718.83
AzFinance                       1,458.79                     1,154.54
İnvest-Az                           805.28                        275.77
Capital Partners                           654.69                        822.87
MFX Trading                           417.65                             0.00
Xalq Kapital                             82.50                           36.94
PSG Kapital                             20.89                             4.52
Troni                                4.14                                  –

 

Son xəbərlər
Digər xəbərlər