36 C
Baku
Sunday, July 20, 2025

Niyə dollar-yen məzənnəsi yenidən 150-ni aşa bilər?

Yaponiyada Liberal Demokrat Partiyasının (LDP) rəhbərlik etdiyi koalisiya parlamentdə çoxluğu qorumaq üçün kifayət qədər mandat əldə etməyə bilər.

Banker.az-ın İnvestisiya bölməsi xəbər verir ki, bu barədə Uzaq Şərq ölkəsindəki media orqanlarının keçirdiyi sorğular bunu deməyə əsas verir.

Seçkilərin nəticəsindən asılı olmayaraq, dövlət xərclərinin artacağı gözlənilir. LDP seçicilərə birbaşa pul ödənişləri vəd edir, müxalifət isə baha başa gələcək satış vergisinin azaldılmasını təklif edir.

Dövlət borcu ilə bağlı narahatlıqlar artıq Yaponiya istiqrazlarının gəlirliyini son illərin maksimumuna yüksəldib. Hazırda ölkədə 10 illik dövlət istiqrazlarının gəlirliliyi 1.55%, 30 illik isə 3.07 faizdir. Bloomberg bu gün bununla bağlı ayrıca məqalə yazaraq qeyd edir ki, seçki öncəsi qeyri-müəyyənlik fonunda yen bu həftə apreldən bəri ən zəif səviyyəyə düşüb. Daha bir narahatedici siqnal var. Treyderlər demək olar ki, bir il fasilədən sonra ilk dəfə olaraq dollar qarşısında yenin ucuzlaşmasına yönəlik qısamüddətli opsionlara kütləvi şəkildə mərc etməyə başlayıblar. Yəni “short” mövqelər açmağa başlayıblar.

“Adətən, istiqraz gəlirləri artanda yen alınır, amma bu, yaxşı tip artım deyil. Böyük ehtimalla, Yaponiya səhm bazarı, istiqrazları və yen eyni anda ucuzlaşacaq. Seçkilərin nəticəsindən asılı olmayaraq Yaponiya daha çox pul xərcləyəcək”- deyə, “SBI Liquidity Market”in tədqiqatlar üzrə meneceri Marito Ueda izah edir.

Cümə axşamı yen 0,4% ucuzlaşaraq 1 dollar üçün 148,42 yen səviyyəsinə düşüb.

Yen bu ay ABŞ dollarının möhkəmlənməsindən də zərər görüb, lakin analitiklər seçkiləri valyutanın düşməsi üçün əsas katalizator hesab edirlər.

Bloomberg tərəfindən irəli sürülən mümkün ssenarilər belədir:

  • Əgər LDP məğlub olsa, Uedanın fikrincə, yen 1 dollar üçün 152-yə qədər zəifləyə bilər. “Əgər yeni sorğular LDP üçün daha pis nəticələr göstərsə, seçkilərdən əvvəl dollar 150-ni aşa bilər”.
  • Ağır məğlubiyyət halında, “Mizuho Securities”in baş strateqi Şoki Omorinin fikrincə, yenin dəyəri 155-ə qədər düşə bilər — bu səviyyə sonuncu dəfə fevralda müşahidə olunub. Omori xəbərdarlıq edir: “Dövlət xərcləri artdıqca, bazarlar yenə olan etibarını itirəcək”.

Yenə təsir edən digər amillər:

  • Trampın tarif planları Yaponiyanın ticarət siyasəti üçün qeyri-müəyyənlik yaradır
  • Qlobal investorlar rezervlərini yen əvəzinə İsveçrə frankına keçirirlər
  • Ticarət kəsiri və zəif iqtisadi artım yenin “təhlükəsiz liman” statusunu sarsıdır
  • Son üç ayda yen bütün əsas valyutalar qarşısında dəyər itirib
  • Əgər LDP çoxluğu qorusa, Omorinin fikrincə, yen 1 dollar üçün 144-ə qədər möhkəmlənə bilər, lakin bu təsir qısamüddətli olacaq.

“Seçkilərdən sonra diqqət Yaponiya və ABŞ arasındakı ticarət danışıqlarına yönələcək” deyən, Sony Financial Group-un baş analitiki Kumiko İşikava qeyd edir ki, “əsas sual budur: İsiba Tramp ilə tariflər mövzusunda necə razılığa gələ biləcək?”

Xatırladaq ki, ABŞ-ın tarif tətbiqi üçün son tarix – 1 avqustdur. Bu vaxta qədər ikitərəfli danışıqlar zəif tempdə irəliləyib. Seçkilərin nəticəsi Yaponiyanın bu danışıqlarda nə qədər güclü mövqedə olacağını müəyyən edəcək. Valyuta treyderləri isə artıq volatilliyə hazırlaşırlar — bir çoxu aprelin əvvəlindən bəri ilk dəfə uzun mövqelərini minimuma endirib.

 

Son xəbərlər
Digər xəbərlər