32 C
Baku
Tuesday, July 23, 2024

Niyə İranın Azərbaycanla bağlı ritorikası sərtləşdikcə Ermənistan barışıq ritorikasını artırır?

Xüsusilə son dövrlərdə İranın Azərbaycana qarşı niyyət, fikir və siyasəti öncəki illərdən fərqli olaraq gizlindən aşkarlığa, dərin qatlardan üst səviyyələrə qalxıb. Bir sıra köhnə (hamımıza məlum olan) səbəblərdən daha çox formalaşmaqda olan yeni düzənin gətirdiyi fərqli səbəblərə toxunmağa çalışacam.

1990-cı il. Sovet İttifaqı dağılmaq üzrə idi. Əhali və sadə xalq buna inanmasa da, prosesin içərisində olanlar bunun qaçılmaz olduğunu anlayırdılar. SSRİ-siz yeni dünyada Rusiya özü üçün bazarlıqlar etmək, heç olmasa Rusiyanın özünü parçalanmaqdan qorumaq, SSRİ-yə qarşı olan nifrətin Rusiyaya qarşı çevrilməməsi və Rusiya dövlətçiliyinin risk altında düşməməsi üçün bazarlıqlar etmək, bazarlıq etmək üçün isə əllərini gücləndirəcək vəziyyət və digər regionlarda konfliktlər formalaşdırmaq, diqqəti həmin konfliktlərə yönəltməyin vacibliyini anlayırdı. Kommunizmin süqutunu heç cür həzm edə bilməyən Səddam Hüseyn (Səddam Hüseyni inandırmışdılar ki, ərəb ölkələrində kommunizm qurulacaq, həmin ölkələr SSRİ kimi vahid ərəb dövlətində birləşəcək və Səddam Hüseyn Siyasi Büronun başında olacaq.) həm kimyəvi silah istifadə etdiyi, həm İran-İraq müharibəsindən sonra silahlanmağı artırıb ordunu davamlı olaraq gücləndirdiyi (Yaxın Şərqdə nəzarətdən çıxmaqda olan yeni təhdidə çevrilirdi), həm ABŞ və Qərbin siyasətinə qarşı çıxdığı üçün uğurlu sayılacaq qurbana çevrildi. Bu qurban həm də onun başında durduğu İraq oldu. 02 avqust 1990-cı ildə çox ciddi qüvvələrin də təhriki ilə Küveytə hərbi müdaxilə edən İraq tarixinin ən böyük səhvlərindən birini etdi. Dərhal yaradılan hərbi koalisiya tərəfindən İraq Küveytdən qovuldu, məğlub oldu. Sonrakı dövrlərdə İraqın və Səddam Hüseynin taleyini hamımız bilirik. Dünyanın böyük qüvvələri İraq üzərindən bazarlıq edərək SSRİ-siz yeni düzəndə yer alacaq yeni dövlətlər, o cümlədən Rusiya üçün cızılan yeni sərhədləri (coğrafi deyil, siyasi sərhədləri) müəyyən etdilər. Uzun müddət həmin siyasi sərhədləri pozmağa çalışmayan Rusiya 2014-cü ildən etibarən siyasətini daha da aqressivləşdirdi. Nəticə Rusiya-Ukrayna müharibəsi…

Rusiya indi 1990-cı illərin SSRİ-ni xatırladır. Amma, SSRİ-nin dağılması və parçalanmasına asanlıqla yol verilsə də, Rusiya ilə bağlı məsələdə tərəddüdlərin olduğu aşkardır. Rusiyanın parçalanması yeni kiçik dövlətlərin yaranması, yoxsa Rusiya torpaqlarının digər böyük dövlətlərin arasında bölüşdürülməsi ilə nəticələnəcək sualına zəmanətli cavab yoxdur. ABŞ və böyük güclər ikinci bir monstr dövlətin yaranmasını istəmirlər. Söhbət təbii ki, onsuz da kifayət qədər güclənməkdə olan Çindən gedir. Rusiya bunu gözəl bilir. O səbəbdən Rusiya Çini yaxınlaşmaq, dərdləşmək, birgə siyasət yürütmək üçün yeganə real namizəd ölkə hesab etsə də, Çin bu məsələdə 1 addım irəli, 2 addım geri prinsipi ilə hərəkət edir. Onsuz da hazırki vəziyyət Çini tam qane edir. Neft daxil olmaqla bir sıra məhsulları, faydalı qazıntıları Rusiyadan 30-50% diskontla alır. Rusiya faktoruna görə ABŞ Çinlə bağlı ritorikasını əvvəlki dövrlərə nisbətən yumşaldıb. Çin mövcud vəziyyətdən istifadə edərək iqtisadi problemlərini həll etməyə, güclənməyə çalışır. Gördüyümüz kimi, Çin bundan böyük siyasi və iqtisadi şans əldə etməyi Rusiya-Ukrayna müharibəsindən öncə ağlına da gətirməzdi.

Rusiya isə getdikcə iqtisadi gücünün, rezervlərinin, ordusunun, əhalisinin səbrinin tükəndiyini görür, anlayır. 1988-1990-cı illərdə SSRİ-nin anladığı kimi. O vaxtlar SSRİ də Bakı daxil olmaqla bir sıra şəhərlərə daxil olaraq qanlar tökdü, onsuz da əvvəllər nümayiş etdirdiyi aqressiv siyasətini daha azğın və sərhəd tanımaz hərəkətləri ilə əvəz etdi. Eyni proseslər, eyni senari. Hazırda yeganə çıxış yollarından biri, başqa region(lar)da qlobal layihələri riskə atacaq yeni konflikt(lər) diqqətləri Rusiyadan yayındıra bilər. Rusiya da mövcud vəziyyətdə bazarlıqlar edə, özü üçün daha münasib imkanlar və güzəştlər əldə edə bilər.

Mövcud vəziyyətdə İranın özünü bu alovun ortasına atacaq qədər ağılsız olacağını düşünmürəm. Özünü bu alovun ortasına atarsa, zatən ağılsıza yeni düzəndə yer yoxdur prinsipini doğrultmuş olacaq.

İran özündən təzyiq vasitəsi kimi istifadə edildiyini də anlayır. Əslində İran da öz növbəsində başqa bir dövlətdən Qafqazda təzyiq vasitəsi (qurbalıq kimi) istifadə etməyə çalışır. Bu ölkə də Ermənistandır. Hər nə qədər İran da Ermənistan üzərindən Qafqazda təzyiq yaratmaq istəyirsə də, Ermənistan, xüsusilə Paşinyan və onu dəstəkləyən qüvvələr mövcud vəziyyəti gözəl dəyərləndirir. İranın Azərbaycanla bağlı ritorikası sərtləşdikcə Ermənistan sülh müqaviləsi, barışıq ritorikasını artırır. Niyə? Ermənistan Azərbaycanı sevməyə başladı? Xeyr. Sadəcə olaraq, İranın ciddi siyasi və hərbi səhvlərinə ortaq olmaq istəmir. İranla eyni cərgədə olub böyük dövlətlər və güclərlə açıq-aşkar toqquşmaq istəmir. Çünki, bir dövlət kimi varlığı sual altına düşər. Qlobal layihələri pozmağa çalışan və əleyhinə gedən bir dövlətin hansı vəziyyətlə qarşılaşacağını Ermənistan çox gözəl bilir. Ermənistan Azərbaycana qarşı təzyiqlərini ABŞ, Qərb, Fransa üzərindən aparmağı özünün strateji hədəfinə çevirib. Bu ölkələrin siyahısında isə nə Rusiya var, nə də İran.

Bir neçə fakt dediklərimizi tamamlayır. ABŞ dövlət katibi Blinken “Azərbaycanın İranla uzun sərhədi var. Onu qorumalıyıq” mesajını verir. Ardınca Türkiyəyə F16 qırıcılarının verilməsini və mövcud F16-ların yenilənməsini dəstəklədiyini və vacibliyini bildirir. İranın artan ritorikası fonunda Ermənistan ritorikasını yumşaldır. Ən azı İrana qoşulub ritorikasını sərtləşdirmir. İran isə təbii ki, Qafqaza soxulmağa cəhd edərsə, Rusiya onu dəstəkləməyəcək. 1990-cı ildə Küveytə soxulmazdan öncə İraqa dəstək verib Küveytə soxulduqdan sonra proseslərdən geri çəkilən SSRİ kimi.. Türkiyə isə burada önəmli və həlledici rol oynayacaq. Hələ İsraili demirəm.

Bütün bunları İran bilmir? Bizdən 100 dəfələrlə yaxşı bilir. Bilməsəyidi indiyə qədər təkcə media təbliğatının ümidinə qalmazdı…

Haşiyə: Burada yanlış bir fikir yaranmasın ki, Ermənistan sülh göyərçininə çevrilib, yaxud yeni təmizləmə əməliyyatı istisnadır. Belə deyil. Sadəcə olaraq, əsas fikir budur ki, Ermənistan İranla bir hərəkət edib onun cərgəsinə qatılıb dünyaya qarşı çıxmaq fikrində deyil. Belə bir vəziyyətin, fikrin də yaranmamasına çalışır. Amma əlbəttə İranın dəstəklərindən açıq deyil, gizlin olaraq çox istifadə edir. Bunu biz də bilirik, bütün dünya da…

Müəllif: Elman Sadıqov, iqtisadçı-ekspert

Son xəbərlər
Digər xəbərlər